Qurban Qurbanov: "Hücumçu transferini hər zaman açıqlaya bilərik" MÜSAHİBƏ

“Qarabağ”ın və milli komandamızın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutan “Qəbələ” – “Proqres” oyunun fasiləsində Qəbələyə ezam olunan jurnalistlərin suallarını cavablandırıb. 

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Öncə “Olimpiya” ilə oyun haqda danışmağınızı istərdik. Rəqib necə komanda idi?

- “Olimpiya” yaxşı komandadı. Demək olar ki, ilk mərhələdə qarşılaşdığımız ən güclü rəqibdir.  Ümumiyyətlə, klub olaraq çox inkişaf ediblər. Oyun çox çətin idi.  Minimal hesablı qələbə o demək deyil ki, cavab oyunu bizim üçün asan olacaq.  Fərdi xarakterli yaxşı oyunçuları var.  Komandanın özünəməxsus oyun üslubu var. Həmçinin, məşqçiləri yenidir və çox istəklidirlər.  Biz daha çox öz çatışmazlıqlarımız üzərində çalışmalıyıq. Bəzi problemlərimiz var.  Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardılar.

 

- Yeni transferlər necə təsir bağışladılar?

- Onların işgüzarlığından razıyam. Çox istəklidirlər, işlərinə peşəkar yanaşırlar. Amma oyun baxımından təkcə onlarda yox, bütün futbolçularda çatışmazlıqlar var.  Tam adaptasiya olmaları üçün bir neçə oyuna ehtiyac var.  Elə oyunçu var ki, fiziki hazırlığı tam qaydasında deyil. Buna baxmayaraq, mənim üçün ən önəmli olan futbolçuların peşəkarlığıdır ki, bu da onlarda var. 

 

- “Qarabağ” Çempionlar Liqasına bir hücumçu ilə yollanıb. Mərhələni keçsəniz, hücumçu transferini sürətləndirəcəksiniz?

- Demək olar ki, ən çox axtardığımız oyunçu hücum mövqeyinədir. Buna çox vaxt sərf edirik. 3-4 variantımız oldu, demək olar ki, alınmışdı. Amma son anda razılıq əldə olunmadı.  Bu gün yenə axtarışdayıq, variantlar var, danışıqlar aparırıq.  Hücumçu transferini hər zaman açıqlaya bilərik. 

 

- Variantlardan birinin də Yaponiyanın “Şaqan Tosu” klubundan ayrılan İborranın olduğu deyilir. 

- Ola bilər. Bu variant da var. 

 

- Klubların oyunu milli komandaya hazırlıq baxımından vacibdir. “Qəbələ”nin ilk hissədəki oyununu nəzərə alsaq, nə görə bildiniz?

- Hər iki komanda ehtiyatlı futbol sərgiləyir.  Bu mənə tanışdır: dünən biz də ehtiyatlı oynayırdıq. Çünki ilk oyunda rəqibi daha yaxından tanımağa çalışırsan.  Hiss olunur ki, oyunun intizamı qaydasındadır.  Hava da çox istidir.  Belə havada futbolçulardan maksimumu tələb etmək düzgün olmaz.  Ümumən, oyundan razıyam və düşünürəm ki, ikinci hissə daha maraqlı olacaq.  Bugünkü oyun hələ heç nə demir.  Hazırlıqdan 3-4 oyun sonra futbolçu tam idman formasını bərpa edir. 

 

- Hansı kompenent oldu ki, məhz Qəbələyə gəlməyi üstün tutdunuz. Düzü, biz sizi uzun yoldan sonra Bakıda, “Neftçi”nin oyununda gözləyirdik.

- Bir neçə kompenent var. Rauf Əliyevi canlı izləmək istəyirdim. Bundan başqa, digər oyunçular var. Mənim üçün də hansı futbolçunun meydanda olacağı maraqlı idi. Həm də “Qəbələ”yə azarkeşlik etməyə gəlmişəm. 

 

- Siz nizam-intizama önəm verən məşqçisiniz. Qara Qarayevin qırmızı vərəqə almasına münasibətiniz necədir?

- Hər iki sarı vərəqə adi oyun epziodu idi. İkinci sarı vərəqədən sonra xəbərdarlıq etdim. Hakim rəqibə qırmızı vərəqə verməsəydi, Qaranı da cəzalandırmayacaqdı.

 

- Sonuncu sualımız dünya çempionatı ilə bağlıdır. Fransa, yoxsa Xorvatiya?

- İmkan olsa, hər iki komandaya kubok verərdim. Ancaq bizə oyunu izləmək qalır. Hər iki komanda kuboku qazanmağa layiqdir. Amma düşünürəm ki, Xorvatiya çox istəklidir. Final çox maraqlı olacaq.

Tarix: 12 İyul [21:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio