Roberto Bordin: "Daha çox qol vura bilərdik"

23:22 - 12 İyul 2018

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın “Uypeşt” klubu ilə ev oyunundan (3:1) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

 

- Nəticədən çox razıyıq. Oyunçularımdan razıyam, qoldan sonra özlərinə gələ bildilər. Düşünürəm ki, çox epizodlarımız oldu və daha çox qol vura bilərdik. Namiqə görə üzgünəm, dizindən zədələnib. Hələ ki, durumunu dəqiq bilmirik.

 

– Bu qələbə növbəti mərhələyə neçə faizlik əminlik verir?
– Futbolda heç vaxt 100 faiz zəmanət olmur. Sabahdan növbəti oyun üçün hazırlaşacağıq.

 

– İlk dəqiqələrdə komandada nə baş verirdi?
– İlk 10 dəqiqədə də bizim şanslarımız var idi. Onlar ilk cəhddən qol vurdular. Bu da futbolda olur. Əsas 90 dəqiqədir.

 

– Hesab 1:1 olanda Karikari meydana daxil etmək istəyirdiniz, Dabonun qolundan sonra fikrinizi dəyşib meydana müdafiçi buraxdınız. Bu plan nə ilə bağlı idi?
– Bu normaldı. Hesab bərabər olanda rəqibin müdafiə xəttini yarmaq üçün hücumçu ilə oynamaq istədim. Qol vurduqdan sonra müdafiəçini meydana daxil etdim, düşünürəm ki, bu normaldı. Bu qərarı daha çox qol vurmaq üçün qəbul etdim.

 

– Müdafiə probeminizin olduğunu düşünürsünüzmü? Əgər varsa, bu problem nə vaxt həll olunacaq?
– Birinci qolda səhvimiz var idi. Ancaq oyun ərzində rəqib şans qazana bilmədi. Bu da o deməkdi ki, bütün komanda müdafiəçilərlə birlikdə yaxşı müdafiə olundu. Əgər rəqibin 7-8 qol şansı olsaydı, sizinlə razılaşardım. Bu gün gördük ki, hələ ki bu mövqedə ciddi problemimiz yoxdu. Müdafiəçilərin oyunundan çox razıyam.

 

– Komandanın fiziki göstəricisindən razı qaldınızmı?
– Çox razı qaldım. Çünki 10 dəqiqə Namiqsiz oynadıq. Bu zamanda komanda iki qat gücünü ortaya qoydu.

 

– Hazırki “Neftçi” sizin görmək istədiyiniz komandanın neçə faizidir?
– Fikrimcə, yaxşı başladıq. Oyunçuların xarakterindən razı qaldım. Uduzduğumuz oyunda qalib gəldik. Vaxtımız var, inkişaf edəcəyik. Hələki komandadan razıyam.

 

– Komandanın avrokuboklarda hədəfi nədir?
– Birinci oyunda məndən yaxşı nəticə istəyiblər. “Sevilya” barədə danışmamışıq, hələ hədəflər müəyyən olunmayıb.

 

– Komandada olan boşluqları doldurmaq üçün transfer edəcəksiniz?
– Biz qalib gəlmişik. Uduzmamışıq ki, səhvlərdən danışaq. Çatışmayan cəhətlərdənsə, qalib gəldiyimiz oyun haqda danışmalıyıq.

Xəbər xətti