Ruslan Abışov: "Şanslar hələ bərabərdir" MÜSAHİBƏ

"Neftçi”nin kapitanı Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsində Macarıstan "Uypeşt”inə evdə 3:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra brifinq keçirib.

 

Sportal.az təcrübəli müdafiəçinin müsahibəsini təqdim edir:

 
- Hesabda geri düşdükdən sonra oyunu çevirmək üçün necə motivasiya tapdınız?
- Açığı, buraxdığımız qol təsadüfi idi. Orada ani anlaşılmazlıq oldu. Amma matç göstərdi ki, biz rəqibdən üstünük. Qol epizodlarımız çox oldu. İnanırdıq ki, dönüş edəcək və qələbə qazanacağıq. Çünki rəqibi yaxşı təhlil etmişdik. Hələ hər şey bitməyib, qarşıda çətin səfər görüşü var. Deyərdim ki, şanslar hələ 50/50-yədir. Səfər oyununa da ciddi hazırlaşıb, yaxşı motivasiya ilə meydana çıxmaq istəyirik. Orda da qələbə qazanmaq və mərhələni keçmək arzusundayıq.

 
- Hesab 2:1 olarkən baş məşqçinin Slavko Braliçi meydana buraxması narazılıqla qarşılandı ki, niyə hesabı qorumağa çalışırsınız?
- Çünki qol epizodlarımız çox idi, daha böyük fərqlə qələbə qazana bilərdik. Hava da çox isti idi və rəqib ikinci hissədə tamamilə müdafiəyə çəkilmişdi. 5-li müdafiənin də üzərində işləmişdik. Baş məşqçi kənardan hər şeyi daha yaxşı gördü. Bizi çətin səfər oyunu gözləyir. Çünki onların iki əsas oyunçusu gəlməmişdi. Bu üzdən arxayınlaşmaq olmaz.
 
- Sanki "Uypeşt” fiziki cəhətdən zəif idi. Çünki ikinci hissədə artıq çatdırmırdılar...
- Biz çox yaxşı hazırlıq, fiziki məşqlər keçmişik. İnanıram ki, Macarıstanda bizə daha rahat olacaq. Çünki hava şəraiti də oynamağa imkan verəcək. Bu gün çox isti idi, oynamaq çətin olurdu. Orda rəqib daha çox hücum, pressinq edəcək. Yəqin ki, daha çox hücumçu ilə meydana çıxacaqlar ki, erkən qol vursunlar. Biz də buna hazır olmalıyıq.
 
- "Neftçi” yenilənmiş komandadır. Hazırkı heyəti ötən mövsümün sonundakı kollektivlə müqayisə edə bilərsinizmi?
- Komandanın 3-cü yeri tutmasında baş məşqçidən tutmuş, gedən futbolçulara kimi, hamının zəhməti olub. Onlara hər zaman təşəkkürümü bildirirəm. Artıq yeni səhifə açılıb: yeni baş məşqçi, yeni heyət. Həm çempionatda, həm də Avropa Liqasında bacardığımız qədər uğurlu çıxış etmək istəyirik. Baxmayaraq ki, mərhələ keçdikdə daha ağır rəqib gəlir.
 
- Bu komanda çempionatda nəyə ümid edə bilər?
- Çempionat oyunları tam fərqli olur. Məşqlər keçdikcə komanda daha yaxşı duruma gələcək. Çünki yeni komandadır, ilk rəsmi oyunumuz idi. İstər-istəməz futbolçuların üzərində təzyiq var idi, anlaşma tam yaxşı vəziyyətdə deyildi. Oyundan-oyuna hər şey yaxşı olacaq.
 
- Bu qələbədən sonra demək olarmı ki, "Sevilya”nın rəqibi "Neftçi” olacaq?
- Bu barədə danışmaq hələ tezdir. "Sevilya” dünyanın top-komandalarından biridi.
 
- "Lill”, "Atletik” kimi komandalar da bura gəliblər. Belə klublar təsnifat mərhələsinə ciddi fikir vermir. Bu amil sizə sürpriz etmək şansı yaratmır?
- "Uypeşt” səddini keçək, ondan sonra bu barədə danışmaq olar.
 
- Rəqibin oyunçusu bildirdi ki, siz dominantlıq etdiniz və bu, onların işini çətinləşdirdi. Orda da eyni üslubu qorumaq mümkün olacaqmı?
- Düzdü, ev sahibi biz idik və oyun da göstərdi ki, rəqibdən üstün futbol göstəririk. Qələbəyə daha çox layiq idik. Yəqin ki, səfərdə bizə sürpriz hazırlayacaqlar. Amma meydana çıxdıqdan sonra bütün problemlər kənarda qalır, 90 dəqiqə yalnız oyun barədə düşünürsən.

Tarix: 13 İyul [02:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio