Vaqner da Silva: "Halldorssonla rəqabətdən qorxmuram" MÜSAHİBƏ

00:31 - 14 İyul 2018

"Qarabağ"ın braziliyalı qapıçısı Vaqner da Silva Newsport.az-a müsahibə verib.

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir:

 

- "Qarabağ"a transferin necə baş tutdu?

- İlk olaraq, deyim ki, gəldiyim 2-3 gündən sonra əsas heyətdə oyuna çıxmaq mənim üçün xoş sürpriz oldu. Növbətli oyunlar üçün şans qazanmaqda daha çox çalışacam. Kollektivə bir müddət qoşulmuşam. Uyğunlaşmaq bir az vaxt alacaq. Hər gün keçdikcə, klubun fəlsəfəsinə bələd oluram.

 

- "Olimpiya"ya qarşı keçirdiyin debüt oyunun haqda fikirlərin necədir?

- Nəticə isə çox müsbət oldu. Ev oyununa inamlı çıxmağa kömək olacaq. Amma komandanı daha yaxından tanımıram. Yaxşı çıxış etdik, kompakt oynadıq.
 
- Qurban Qurbanovla bağlı fikirlərin necədir?
- Portuqaliyadan bura gəlməmişdən əvvəl bəzi oyunçularla məsləhətləşmişdim. Bir qədər məlumat toplamışdım. Qurbanovun millini də çalışdırdığını bilirəm. Qısa zamanda aydınlaşdırdım ki, baş məşqçimizin bəlli oyun fəlsəfəsi var. Ondan çox şey öyrənəcəm.
 
- "Qarabağ" səninlə yanaşı, İslandiya millisinin qolkiperi Hannes Halldorssonu da transfer etdi. Onunla rəqabət sənin üçün çətin olmayacaq?
- Bu haqda düşünmürəm. Karyeram ərzində belə şəraitdə çıxış etmişəm və bunu sevirəm. Bu, ancaq sənin inkişafına xeyirdir. Bu rəqabətdən qorxmuram.
 
- Azərbaycan çempionatı haqda məlumatın var?
- Dostum Dieqo Kosta bir zamanlar "Qəbələ"də oynayıb. O, mənə çempionat haqda məlumat verib. Bir zamanlar Azərbaycan çempionatı daha iddialı olub. Amma indi klubların sayı xeyli azalıb. Fikrimcə, rəqabət güclü olacaq. Bizim hədəfimiz isə kuboklar qazanmaqdır.
 
- "Qarabağ"ın ikinci mərhələyə keçdiyini düşünmək olar?
- Xeyr, cavab oyunu var. Hakim final fitini səsləndirməmiş nəsə demək olmaz. Azarkeşlərin dəstəyilə mərhələni keçmək istəyirik.

Xəbər xətti