Qurban Qurbanov: "Qalib gəlsək də, bizim üçün çətin olacaq" MÜSAHİBƏ

19:16 - 17 İyul 2018

“Qarabağ” sabah Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Sloveniyanın “Olimpiya” klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, oyundan bir gün öncə baş tutan mətbuat konfransında iştirak edən Qurban Qurbanoc fikirlərini bildirib:

 

- İlk oyunda qalib gəlməyimizdə baxmayaraq, çətin olacaq. Daha çox fikirləşməliyik. Futbolçularımız oyuna hazırdırlar. Gərgin və maraqlı oyun olacaq.

 

- Heyətdə hansısa dəyişiklik edəcəksiniz?

- Ola bilər. Amma mövqelər üzrə ciddi dəyişikliklər etməyəcəyik.

 

- Halldorssonun son durumu necədir?

- Meydana çıxmaq şansı azdı. Adını “18-liy”ə daxil edəcəyik. Ancaq daha dəqiq desək, oyuna start heyətində başlamayacaq.

 

- Hücumçu Balaş Cucakın adı “Qarabağ”la hallanır. Bu məsələ doğrudur?

- Bu, mənə ən çox verilən sualdı. Bu mövqeyə axtarışlarımız davam edir. Ancaq həmin oyunçu ilə bağlı məlumatım yoxdur. Ola bilər, siyahımızda olub. Ancaq bu dəqiqə hansısa danışıqlar yoxdur. Daim axtarışdayıq. Hücumçu transferini maksimum həll etməyə çalışacağıq.

 

- Sabah sizin üçün əlamətdar oyundu, 80-cı avrokubok matçına çıxacaqsınız. Sizin üçün ən yaddaqalan oyun hansı olub?

- Açığı, bunu düşünmürəm. Bizim üçün vacib oyundu və bunu düşünürük. Rəqibimiz asan komanda deyil. Qalib gəlsək də, bizim üçün çətin olacaq.  Onlar hər oyuna fərqli sistemdə çıxırlar. Sualınıza gəlincə, yadda qalan oyunlarımız olub. Hər qələbə bizim üçün yadda qalıb.  “Qarabağ”a inam “Rusenborq”la oyunda başlayıb. Həmin oyunda “Qarabağ”ın heyətində 10 azərbaycanlı futbolçu çıxış edirdi. Həmin oyun Ağdamın işğalına təsadüf edirdi. Bu, bizim ən yadda qalan oyunlarımızdan olub. Bundan başqa, məğlub olduğumuz oyunları yaddan çıxarmırıq.

 

- Dayaq yarımmüdafiəçisi mövqeyində futbolçunuz azdır. Bu mövqedə hansısa futbolçunun yoxluğu sizi narahat etmir?

- İlk olaraq yaxşı tərəfi düşünməliyik. Biz sadəcə, oyunun gedişatında dəyişikliklər edə bilərik. Məşqçinin əlində futbolçu az olanda, qərar vermək asan olur.

 

- Riçard Almeydanın qışdan “Astana” ilə bağlı danışıq aparması ilə bağlı xəbərlər yayılıb. Siz bunu hiss etmişdiniz?

- Almeydanın qışdan “Astana” ilə danışıq aparması ilə bağlı məlumatım yoxdur. Almeyda elə oyunçudur ki, hansısa sövdələşmə ona təsir etməyəcək. Biz də Almeydaya pis müqavilə təklif etməmişdik. Ancaq getməyə qərar verdi. Onun hansısa klubla danışıq aparmasını hiss etməmişəm.  

 

- Potensial rəqiblərinizin oyunu bu gün baş tutacaq. “Kukesi”, yoxsa “Valetta”?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki sabahkı oyun üçün narahatçılığımız var. Öncə biz mərhələ keçməli, daha sonra rəqiblər barədə düşünməliyik. Sabahkı oyun üçün çox diqqətli olmalıyıq. Rəqibin iddialı olması da buna sübutdur. 

Xəbər xətti