“Olimpiya”nın baş məşqçisi: “Qarabağ” üçün sürpriz hazırlamamışıq”

00:58 - 18 İyul 2018

“Mən Bakıda ilk dəfə deyil oluram, Serbiya millisi ilə bura gəlmişəm. Bakı gözəl şəhərdi. Yenidən bu şəhərdə olduğuma görə xoşbəxtəm”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib. Sloveniya təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq.

 

Oyundan bir gün öncə baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Bizim üçün maraqlı oyun olacaq. Hava şəraitidi də olduqca yaxşıdır.  Ümid edirəm ki, sabah öz oyunumuzu ortaya qoya biləcəyik”.

 

- İlk oyunda çox ehtiyatlı futbol sərgilədiniz. Sabah da bunun şahidi olacağıq?

- Biz topu özündə çox saxlayan komandaya qarşı oynayacağıq.  Buna görə də hücum futbolu oynamaq bir qədər çətindir.  Evdəki matçda cəmi 1 səhvə yol verdik və məğlub olduq. Hər iki komanda stil olaraq, eyni oyunu sərgiləyir.  Bu baxımından da hər iki tərəfin səhv etmək haqqı yoxdur. İlk oyunda nəticə oyuna görə olmadı. Düşünürəm ki, sabah çox effektli ola bilərik.

 

- İlk oyunda qırmızı vərəqə alan İsa Abbasın yoxluğu komandaya necə təsir edə bilər?

- İsa bizim üçün vacib oyunçudur. Təbii ki, qırmızı vərəqə almasına üzülürük. İstənilən halda, 11 futbolçu ilə oynayırıq və onlara güvənirik.

 

- Kapitan Branko İliç ilk oyunu zədə səbəbindən buraxmışdı. Onun son durumu necədir?

-Branko İliçin kiçik zədəsi var idi. Sabah onun durumuna baxacağıq.

 

- İlk oyunda hakimin İsa Abbasa verdiyi qırmızı vərəqəni haqlı hesab etməmişdiniz. Həmin epizoda baxdınız?

- Artıq bu barədə danışmağa ehtiyac yoxdur. Ona görə də bu haqda düşünmürəm. Həmin epizod geridə qaldı. İndi İsanı hansı futbolçu ilə əvəzləməyi düşünürük.

 

- “Qarabağ”a hansı sürprizi hazırlamısınız?

- “Qarabağ”ın bütün oyunlarına baxmışıq. Amma bu, heç nəyi dəyişmir. “Qarabağ” üçün sürpriz hazırlamamışıq. Taktiki planda əlimizdən gələnin ən yaxşısını etməyə çalışmalıyıq.

Xəbər xətti