Zaur İsmayılov: "Geridönüş etmək olar" MÜSAHİBƏ

18:49 - 18 İyul 2018

“Keşlə” Avropa Liqasının I təsnifat mərhələsində ilk oyunda Maltada 1:4 hesabı ilə uduzduğu “Baltsan”ı qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, Yuri Maksimovun istefasından sonra komandanı oyuna baş məşqçi kimi çıxaracaq Zaur İsmayılov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
- İlk görüşdə darmadağın olduq. Buna baxmayaraq, doğma divarlar arasında rəqibi lazım olan hesabla məğlub etməyə çalışacağıq. Səfərdə üstünlük bizdə olsa da, səhvlərdən qollar buraxdıq. Müdafiə inamsız çıxış etmişdi. Çalışacağıq ki, istədiyimiz nəticəni əldə edək.
 
- Yuri Maksimovun gedişi komandaya pis təsir etdi, yoxsa “Baltsan”a məğlubiyyət?
- 1:4 hesablı məğlubiyyət daha öncə olmuşdu. Məlum hadisələr isə 2 gün öncə baş verdi. Məncə, ən çox məğlubiyyətimiz təsir etdi.
 
- Məğlubiyyətin əvəzini çıxacağınıza nəyə əsasən inanırsız?
- Rəqib zəif deyil. Baxmayaraq ki, Malta klubudur. Gərək hər oyuna ciddi yanaşasan. Onların üstün tərəfi əks-hücumlar idi. Üstün cəhətlərində yararlana bildilər. Səhvlərimizdən qollar buraxdıq. Bizim də şanslarımız olmuşdu. Ona görə ümid edirəm ki, sabah əlimizə düşən şanslardan istifadə edib qalib gələcəyik.
 
- Sabah sizin üçün ciddi sınaqdır. Hansı məqamlara ciddi yanaşacaqsız?
- Zəif cəhətlərini maksimum şəkildə analiz etmişik. Onlar müdafiə olunacaq. Bu da çətin olacaq. Müdafiə olunan komandaya qarşı oynamaq çətindir.
 
- Əsas heyətdə dəyişikliklər olacaqmı?
- Heyətdə 2 dəyişiklik olacaq. Bahodir Nasimov ola bilsin ki, start heyətdə yer alsın. Hücumameyilli oynayacağıq. Andre Klennon, Amil Yunanov və Bahodir Nasimov üçlüyü start heyətdə ola bilər.
 
- Yuri Maksimovun oyun sistemi ilə oynaycaqsız?
- İndi demək istəməzdim. Məcburuq ki, ilk dəqiqələrdən hücum edək. İlk oyunda “Baltsan” müdafiədə oturub, əks-hücunmlarda oynadı.
 
- Pərdis Fərcad-Azadın “Keşlə”yə qayıtması gözlənilir?
- Transferlərimiz başa çatıb. Baş məşqçimiz də açıqlamasını vermişdi. Hazırda bu məsələ gündəmdə deyil.
 
- Zaur Axundov komanda ilə görüşüb?
- Oyundan sonra da bizimlə görüşmüşdü. Bizə dedi ki, başınızı qaldırın, bir oyun da var! Komanda ilə görüşdü, məşqlərdə oldu. Komandaya motivasiya verir. Mərhələ keçə biləcəyimizə inanır.
 
- Sabah “Keşlə” hansı cəhətlərə görə mərhələni adlamaya bilər?
- Müdafiə səhvindən qol buraxmağa haqqımımz yoxdur. Arxa xəttdə ayıq-sayıq olmalıyıq. Hücum xəttində isə daha yaxşı çıxış etməliyik. Məncə, geridönüş etmək olar.
 
- Yuri Maksimov ayrılanda sizə oyunla bağlı hansısa göstərişlər verdi? “Baltsan”ı necə mübarizədən kənarlaşdırmaq haqda sizinlə söhbəti oldumu?
- O, sağollaşdı və uğurlar arzuladı. Amma oyunla bağlı heç nə demədi.
 
- Sabah baş məşqçi kimi avrokuboklarda ilk oyuna çıxacaqsınız. Təcrübəli Yuri Maksimovdan nələr öyrənmisiz?
- Onun özünə uyğun oyun sistemi. Ondan götürəsi şeylər çoxdur. Hər məşqçidən çalışıram nəsə götürüm. Maksimov hücum futboluna üstünlük verirdi.
 
- Sabah müsbət nəticə qazansaz, postunuzda qala bilərsiz?
- Bu haqda bilmirəm. Rəhbərlik qərar verəcək.

Xəbər xətti