Rəşad Sadıqov: "Belə davam etsə, onu da itirə bilərik" MÜSAHİBƏ

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə 1:0 hesabı ilə qalib gəldiyi Sloveniyanın "Olimpiya" klubu ilə 0:0 hesablı heç-heçə edərək, növbəti mərhələyə adını yazdırıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. İllərin təcrübəsi rəqiblə bağlı xoş sözlər səsləndirib:

 

- İlk növbədə komanda yoldaşlarımı və azarkeşlərimizi təbrik edirəm. Çox önəmli oyun idi. Püşkdən sonra narahatlığımız var idi. Çünki "Olimpiya" yaxşı komandadı. Bu gün də çox gözəl oyun nümayiş etdirdilər. Bizim futbolçular bu gün sonadək yaxşı mübarizə apardılar, nəticə üçün əllərindən gələni elədilər. Düşündüyümüz çox şey meydanda alınmadı. Oyundan qabaq Qurban müəllim fərqli tapşırıqlar vermişdi. Daha çox topa nəzarət etməli, kombinasiyalı hücumlar qurmalı idik. Amma sizin də gördüyünüz kimi, rəqib buna imkan vermədi. Bu günkü durumumuzda mərhələni keçmək çox vacib idi. Çatışmayan cəhətlərimiz çoxdu, bunu hamımız bilirik. Problemlərimizin olması heç kəsə sirr deyil. Hamısını sadalamaq istəmirəm. Həmişə yaxşı oyunla nəticə əldə olunmur. 

 

- Əvvəlki "Qarabağ"ı görmək üçün nə lazımdı?

- Həmin "Qarabağ" illərlə qurulmuşdu. Günbəgün, aybaay o komanda formalaşmışdı. Yenidən elə komanda yaratmaq asan olmayacaq. 10 nəfərlə belə "Çelsi" kimi komanda ilə oyunda top saxlamaq, bu tip şeyləri ola bilər ki, bir müddət görməyək. Hazırda ən vacib olan yavaş-yavaş oyunumuzu düzəltmək və paralel olaraq nəticələr əldə etməkdi.

 

- Müdafiəçilərin oyunundan razı qaldın? Tez-tez meydanın kənarından iradlarını bildirirdin.

- Müdafiəçilərin hamısına yox, bir epizodda Donald Geryeyə irad bildirdim, arxaya atılan toplarda diqqətli olmasını istədim. Donald bu gün ən yaxşı oyunlarından birini keçirdi. Düşünürəm ki, bu tempdə davam etsə, onu da itirə bilərik, harasa transfer ola bilər.

 

- Növbəti rəqib "Kukesi"di. "Qarabağ"dan nə gözləmək olar? Artıq çoxları komandanın 3-cü mərhələdə olduğunu düşünür.

- Xeyr, belə deməzdim. Şükürlər olsun ki, komandamız belə şeylərə getmir. Səfərdə qələbə qazanmağımıza baxmayaraq, arxayınlıq yaranmır, komanda boşalmır. Bir azca arxayınlaşsaydıq, mərhələni keçə bilməyəcəkdik. Əgər qol buraxsaydıq, bu bizə baha başa gələcəkdi. Psixoloji, fiziki cəhətdən oyunu dəyişmək çox ağır olacaqdı. Ümumiyyətlə 3-cü, 4-cü mərhələ barədə düşünmürük. Bizim üçün ən vacib olan 2-ci mərhələni keçməkdi. Qismət olarsa, ondan sonra növbəti mərhələni düşünərik. Hazırda əsas fikrimiz "Kukesi" ilə səfərdə keçirəcəyimiz oyundadı.

Tarix: 18 İyul [23:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio