"Baltsan"ın baş məşqçisi: "Futbolçular mərhələ adlamaq üçün hər yola əl atırdılar" MÜSAHİBƏ

“Keşlə” Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Maltanın “Baltsan” klubunu 2:1 hesabı ilə məğlub edib. Lakin ilk görüşdə 1:4 hesablı yenilgi alan paytaxt təmsilçisi turnirlə vidalaşıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra “Baltsan”ın baş məşqçisi Marko Miçoviç təəssüratlarını bölüşüb. Serbiyalı mütəxəssis azərbaycanlı jurnalistlərə açıqlamasında İlk növbədə onlara yüksək qonaqpərvərlik göstərən ”Keşlə”ni təbrik etmək istədiyini bildirib.

 

- Maltadakı oyundan sonra bizi Bakıda nələrin gözlədiyini yaxşı bilirdik. “Keşlə”nin səviyyəsi, heyətindəki futbolçuların bacarığı bütün suallara cavab verir. Bu gün Maltadakından qat-qat yaxşı oynadılar. Belə olacağını gözləyirdik. Klub tarixində iz yazmaq istəyirdik. Çünki “Baltsan” buna qədər avrokuboklarda mərhələ adlamamışdı. Bacardığımıza görə sevinirəm. Müdafiə futbolu oynayıb, rəqibdən aşkar geri qalmağımız hesabı qorumağa görə idi.

 

- Səmimi deyin, “Baltsan” mərhələ adlamağa layiq idi?

- Bugünkü oyunu nəzərdə tutursuzsa, xeyr. Amma söhbət ümumi mənzərədən gedirsə, futbolçularımın zəhmətini yerə vura bilmərəm. Çünki onlar ilk matçda inanılmaz performans göstərib, “Keşlə” kimi komandanın qapısından 4 top keçirə bilmişdilər. Və sevindirici hal həmin qolların gözəlliyindədi. Bu gün başqa nəsə edə bilməzdik. 4:1-I qorumaq üçün istənilən halda müdafiə olunmalıydıq. Rəqibi çox yaxşı tanıyıram. Vaxtilə “İnter” adlanan klubdu. Ötən yay 2 oyunda “Mladost”u qapısından 5 top keçirmişdilər. Səviyyəcə bizdən üstün olduqları sirr deyil. Amma bizi aşağılamaq da düzgün deyil. Yeri gəlmişkən, əmimoğlu Vladimir Miçoviç 5 il “Neftçi”nin qapısını qoruyub. Branimir Subaşiç yaxın dostumdu, vaxtilə OFK-da rəhbərliyim altında oynayıb. Azərbaycan futbolu mənə yaxşı tanışdı, hər şeydən xəbərdaram.

 

- Futbolçularınız oyunboyu yerdə qalmaqla vaxtı uzadırdılar. Komandanın həkimləri bəlkə də dünya futbolunda rekord sayıla biləcək sayda meydana daxil oldular. Oyun fəlsəfəniz budu, yoxsa futbolçular özləri belə edirdilər?

- (idman direktoru ilə bir-birinə baxıb pıçıldaşdıqdan sonra) Mənim oyun fəlsəfəmdə belə şeylər yoxdu. Bilmək istəyirsizsə,  komandaların futbol oynamasının tərəfdarıyam. İlk oyunda futbol oynamışdıq, mənim fəlsəfəm odu. Amma bu gün belə davranmağa məcbur idilər. Zarafat deyil, təxminən 10 saatlıq yol qət etmişdilər. Üstəgəl, isti və bürkü hava şəraitində mübarizə aparırdılar. “Keşlə”nin hesabı erkən açması da faktdı. Bütün bunları nəzərə alanda, futbolçuların vaxtı uzatması normaldı. Mərhələ adlamaq üçün hər yola əl atırdılar.

 

- Sizcə, “Keşlə” ilk oyunda niyə o cür uduzdu?

- Bu sual mənə aid deyil. Yaxşı olar ki, özlərindən soruşasız. Bircə onu deyə bilərəm ki, çox yaxşı futbolçulara sahibdilər.

Tarix: 20 İyul [01:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio