"Kukesi"nin futbolçusu: "İnanıram ki, "Qarabağ"la oyunda bəxt və tanrı bizimlə olacaq"

00:56 - 23 İyul 2018

"Qarabağ" çox güclü rəqibdir. Buna baxmayaraq, hər iki oyuna qələbə üçün çıxacağıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Kukesi" klubunun futbolçusu Albi Alla deyib. 

 

O, "Qarabağ"la hər iki qarşılaşmada qələbəyə ümid edir: "İnanıram ki, bəxt və tanrı bizimlə olacaq. Bu yolla turu keçəcəyik. Qarşıdakı hər iki matçda hədəfimiz dəyişməzdir. Qələbə qazanmaq niyyətindəyik. Lakin hər oyunu ayrılıqda düşünmək lazımdır. Sonra isə hara gedəcəyimizə baxmaq olar. Çempionlar Liqasında uğurlu çıxış edib, qruplara vəsiqə qazanmaq istəyirik".

 

Alla “Kukesi”nin prezidenti Safet Qicinin birinci təsnifat mərhələsinin Malta “Valletta”sı ilə oyunlarından əvvəl vəd etdiyi 100 min avroluq mükafatı verməmək üçün göstərdiyi səbəblərə də münasibət bildirib: “Turu keçməyimiz komanda və futbolçular üçün yaxşı haldır. Ümid edirəm ki, bunun davamını gətirəcəyik. Yeni komandayıq, günü-gündən kollektiv bir-birinə uyğunlaşır. Yeni baş məşqçinin gəlişi vəziyyəti hər mənada düzəldib. Müasir futbolda nəticə önəmli amildir. Bir neçə il öncə “Kukesi” baxımlı futbol sərgiləsə də, mərhələ keçə bilmirdi. Məncə, əsas məsələ bunu bacarmaqdır. Komandanın oyun üslubunu yaxşılardırmaq baş məşqçinin işidir. Mənim vəzifəm meydana çıxanda bütün gücümü ortaya qoymaqdır”.

 

Qeyd edək ki, tərəflər arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması isə bir həftə sonra  ölkəmizdə keçiriləcək.

Xəbər xətti