Ceyhun Sultanovdan ittihamlara cavab: "Bizdən qabaq "Neftçi"də oynamayan oynayandan çox mükafat alırdı"

11:31 - 23 İyul 2018

“Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov klubun idman direktoru Ceyhun Sultanov haqda da ittihamlar səsləndirib, onu baş məşqçinin işinə müdaxilədə və 100 faiz mükafat almaqda ittiham edib. 

 

Sportal.az saytı xəbər verir ki, Rekord.az-a açıqlama verən Sultanov isə bütün bu ittihamlara cavab verib və öz növbəsində kifayət qədər maraqlı məqamlara toxunub.

 

“Neftçi” rəsmisi öncə mükafat məsələsinə toxunub: “Mən harda işləyirəm öz şərtimi qoyuram. Bu, mənim hüququmdur. “Sumqayıt”da da belə işləmişəm, “Neftçi”yə gələndəm də bu şərti qoymuşdum. Bəli, 100 faiz mükafat alıram. Kluba gələndə klub prezidenti Kamran Quliyevlə də bu haqda danışmışdım və bu, mənim müqaviləmdə də öz əksini tapıb. Kiminsə pulunu, maaşını, mükafatını kəsmirəm ki. Öz haqqımı alıram da. Çünki düşünürəm ki, bu klubda çalışıram, işləyirəm  və əziyyət çəkirəmsə, mənim də stimullarım olmalıdır. İkinci məsələyə gəlincə, komandada mükafat 3 cür olar da: 100 faiz, 75 faiz və 50 faiz. Daha çox oynayan daha çox mükafat almalıdır. Bu, hər yerdə belədir. Amma biz “Neftçi”yə gələndə mən siyahıya baxdım və gördüm ki, bu klubda ehtiyatda oturan, meydançaya çıxmayan oynayandan çox mükafat alır. O vaxt təklif elədim ki, bu, düzgün deyil və dəyişsək yaxşı olar. Ona da Tərlan Əhmədov razı olmadı mən də dedim ki, özünüz bilərsiniz neynirsiniz edin. Yenə deyirəm, oynamayanın oynayandan çox mükafat almasını heç cür qəbul etmirəm. Həmin vaxt əsas heyətdə oynayan futbolçular da bundan narazı idi”. 

 

Sultanov vacib oyun öncəsi futbolçuları otağına çağıraraq yeni müqavilə bağlamağı, amma maaşlarının da 50 faiz aşağı salınacağını deməsinə dair ittihama da cavab verdi: “Həmin oyun “İnter”lə oyundur. Təqvimə baxın görün həmin oyun hansı tarixdə keçirilib və sonra da gəlin mənim pasportuam baxın. Həmin ərəfədə mən heç ölkədə olmamışam. Portuqaliyaya futbolçu axtarışına getmişdim. Ölkədə olmaya-olmaya futbolçunu necə otağıma çağırıb belə söhbət edə bilərəm? Məncə heç bu məsələ haqda danışmağa da ehtiyac yoxdur”. 

 

Sultanov daha sonra baş verənlərin onlara qarşı xüsusi qərəz olduğunu düşünür: “Çox maraqlıdır ki, “Uypeşt”ə səfərdəki məğlubiyyətdən sonra bir çoxları ayağa qalxaraq durub-durmadan danışır, bizi hər şeydə ittiham edir. Sual verərdim ki, həmin insanlar doğurdan da “Neftçi”ni sevirsə, doğurdan da “Neftçi”yə canları yanpırsa, ilk oyundakı qələbədən sonra niyə çıxıb komandanı təbrik etmədilər? Tərlan Əhmədov deyir ki, ilk oyundan sonra bilirdim ki, bu komanda uğur qazana bilməyəcək, səfərdə uduzacaq. Görəsən Əhmədov bu fikirlərini niyə elə həmin vaxt yox, cavab oyunundan sonra deyir?”.

Xəbər xətti