Soni Mustivar: "Onlardan gələn tənqidlər normaldı" MÜSAHİBƏ

"Neftçi”nin haitili yarımmüdafiəçisi Soni Mustivar klubun rəsmi saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının ilk təsnifat mərhələsindəki məğlubiyyət və “ağ-qaralar”ın çempionata hazırlığı haqqında sualları cavablandırın futbolçu, "Neftçi”nin çempionluq yolunda azarkeşlərin onlara inanmalarına və dəstəklərinə çox böyük ehtiyaclarının olduğunu vurğulayıb...

 

- Çempionatın başlamasına artıq az vaxt qalıb. Hazırlıq necə gedir?
- Hazırlığımız çox yaxşı keçir, hər şey qaydasındadır. Komandanın əhval-ruhiyyəsi mümkün qədər yüksəkdir. Artıq keçmişi unudub, gələcəyə köklənmişik.

 

- Mümkün qədər?
- Təbii ki, indi Avropa Liqasının növbəti mərhələsinin oyunlarına hazırlıq keçməyi planlaşdırırdıq. Təəssüf ki, bizə olan ümidləri doğrulda bilmədik. Ancaq bu, futboldur. Bu cür məğlubiyyət nə qədər ağır olsa da, bizim gələcəyə nikbin baxmağımıza mane olmamalıdır. Artıq toparlanmışıq və çempionata hazırlaşırıq.

 

- Yəni o məğlubiyyəti hələ də unutmamısan?
- Xeyr, o məğlubiyyəti unutmaq üçün mənə hələ vaxt lazımdır. Hər dəfə o oyunu yadıma salanda, təəssüf hissi keçirirəm. Yalnız çempionatda qazanacağımız uğur bunu nisbətən unutdura bilər.

 

- O oyundan artıq 6 gün keçib. Soyuq başla yanaşsaq, həmin məğlubiyyətin səbəbləri nə idi?
- Mən səbəbləri nə soyuq, nə də isti başla deyə bilərəm. Uduzmuşuqsa, deməli, səbəbləri var idi. Biz bu məğlubiyyətdən lazım olan nəticələri çıxarmalıyıq və çalışmalıyıq ki, bu kimi üzücü məğlubiyyətlər bir də olmasın.

 

- Komanda çempionluq hədəfinə çatmaq üçün hazırdırmı?
- Yaxşı oyunçularımız, yaxşı komandamız var. Amma çempion olmaq üçün bir neçə faktor lazımdır. "Neftçi” bu məqsədə çatmaq üçün döyüşməlidir. Bunu futbolçular da, məşqçi heyəti də, rəhbərlik də, azarkeşlərimiz də yaxşı bilir. Bunun üçün maksimum səbrli olmalıyıq. Oyunlarda da, məşqlərdə də öz işimizi peşəkar səviyyədə görməliyik. Artıq hər bir oyun bizim üçün final qarşılaşması kimi olmalıdır.

 

- Azarkeşlərlə ünsiyyətdə olursan?
- Təbii ki. "Uypeşt”lə oyundan sonra mənə yazırdılar. Müsbət mesajlar da var idi, mənfi də. Azarkeşləri başa düşürəm, onlar bizdən ilk mərhələni keçməyimizi gözləyirdilər. Biz də bunu istəyirdik. Ona görə də, onlardan gələn tənqidlər normaldır. Qarşıdakı hər oyunda əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək, bu böyük klubu onların və bizim istədiyimiz mövqelərə yüksəldək. "Neftçi” azarkeşi futbolu bilən və sevən insanlardır. Bizə inansınlar və bizi dəstəkləsinlər! Onlara bizim çox ehtiyacımız var!

Tarix: 25 İyul [16:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio