Ayxan Abbasov: "Onları bir oyunla bəyənməmişik" MÜSAHİBƏ

"Zirə"nin baş məşqçisi Ayxan Abbasovun Sportal.az-a müsahibəsi.

 

- "Zirə"nin ilk turda "Qarabağ"la oyunu təxirə salındı. Komandada çempionata hazırdır?

- İlk turumuz təxirə salınsa da, əvəzinə yoxlama oyunu saldıq. Bu gün "Qarabağ"ın əvəzedici komandası ilə qarşılaşacağıq. Komandada vəziyyət normaldır. Sevindirici haldır ki, zədəlimiz yoxdur. Heyətə gec qoşulan futbolçular da yavaş-yavaş uyğunlaşırlar. Bir həftə də vaxtımız var ki, ikinci tura tam hazırlaşaq. Çalışacağıq ki, ikinci turda "Keşlə" ilə matça tam hazır olaq.

 

- Yeni transferlər komandaya uyğunlaşıblar?

- Onlar digər çempionatlardan gəliblər. Amma Pərdis Fərcad-Azadın üstünlüyü var, çünki yerli çempionata, klublara, futbolçulara bələddir. Digər legionerlər üçün isə müəyyən vaxt lazımdır. Onlar ilk 2-3 turda həyəcanlı ola bilərlər. Məşqlərdə istədiklərimizi ala bilirik. Biz onları bir oyunla bəyənməmişik. İnanıram ki, bizə faydaları çox olacaq.

 

- "Zirə" yeni oyunçu alacaq?

- Çox axtardıq. Mərkəz müdafiəçisi almaq istəyirdik. Amma istədiyimizi tapmayanda transfer xətrinə oyunçu almırıq. Çalışırıq ki, gətirdiyimiz oyunçu faydalı olsun. Ola bilər ki, qışa qədər transferimiz olmasın.

 

- Komandanın bu mövsüm hədəfləri nədir?

- "Zirə" yarandığı gündən əzmkar komanda olub. Həmin komandanı yenə meydanda görmək istəyirik. Mübarizə aparan və sona qədər döyüşən kollektiv olmaq üçün yenə çalışacağıq. Bu mövsüm çempionat çətin olacaq. 2-3 komandanı çıxmaqla, digər klublar bərabər səviyyədədirlər. Mübarizəli çempionat keçəcək. Əzmkar komanda olandan sonra nəticəni də qazanacağıq. 

Tarix: 10 Avqust [12:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio