"Qəbələ"nin "Neftçi" ilə 46-cı dueli

"Qəbələ" Topaz Premyer Liqanın 2-ci turunda “Dalğa Arena”da "Neftçi" ilə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, bu, ilk dəfə 12 il öncə qarşılaşan rəqiblərin ümumilikdə 46-cı dueli olacaq. Komandalar indiyədək çempionat və kubokda üst-üstə 45 dəfə qarşılaşıb. 16 dəfə qalib gələn “Qəbələ” 11 heç-heçə edib və 18 dəfə uduzub. Lakin “qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir – 58:57.

 

Bakılıların qapısına vurulan 58 qolun müəllifləri arasında ən məhsuldar oyunçu Baqali Dabodur. Onun hesabında 6 top varsa, Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə fərqlənib.

 

Ardıcıl 10 görüşdür heç-heçə etməyən rəqiblərin son iki mövsümdəki matçlarında “Qəbələ” 6, “Neftçi” 4 dəfə qalib gəlib.

 

Azərbaycan kubokunun 5 oyununda üz-üzə gələn komandalar Premyer Liqada 40 dəfə qarşılaşıb. Hesabında 15 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 17 dəfə meydandan xalsız ayrılıb. Çempionatda komandalar eyni sayda – hərəyə 51 qola seviniblər.

 

“Qəbələ” 23-cü dəfə “Neftçi”nin qonağı olacaq. Komanda səfər matçlarında rəqibindən üstündür. Rəqib meydanında 9 dəfə qalib gələn “qırmızı-qaralar” 5 bərabərliklə kifayətlənib və 8 dəfə məğlubiyyətlə üzləşib. Paytaxt təmsilçisinin meydanında 30 qol vuran "Qəbələ" 26 top buraxıb.

 

Xatırladaq ki, avqustun 19-da “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 18:30-da başlayacaq.

Tarix: 17 Avqust [00:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio