Miçel: "Elə danışırsız ki, sanki uzun illərdir Çempionlar Liqasının qrupuna düşürük" MÜSAHİBƏ

21:39 - 18 Avqust 2018

"Qarabağ"ın yarımmüdafiəçisi Migel Markos Madera Topaz Premyer Liqasının II turunda "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi öncə oyun haqda danışıb:
 
- Səfər oyunları istənilən halda çətin keçir. Bugünkü oyunda da istisna olmadı. Oyunun əvvəllərində istədiyimiz oyunu nümayiş etdirə bilmiridik. Lakin zaman keçdikcə özümüzə gəldik, oyunu ələ aldıq və 3 xal qazandıq. Bu yolda uğurlu davam etməliyik.
 
- Çempionlar Liqasında BATE qarşısında mübarizəni dayandırdıqdan sonra "Səbail"ə qarşı oyuna köklənmək çətin olmadı?
- Futbolun qanundur ki yıxılırsansa, qalxmalısan. Bu mövsüm ÇL-də qruplara düşmək daha çətindir. İstənilən halda, irəli baxmaq lazımdır. Avropa Liqasında qrup mərhələsinə düşmək şansımız var. İşləmək və irəli baxmaq gərəkdir.
 
- Bu mövsüm "Qarabağ" Dani Kintananın zədələnməsi ilə şok yaşayıb. Sən də oyunun gedişində zədələndin. Həmin an nə baş verdi? Durumun ciddidir?
- Elə də ciddi deyil. Dizimdən zədələndim. Yeriyəndə ağrı hiss edirəm, amma düzələcək.
 
- "Şeirf"lə oyunlar barədə nə düşünürsən?
- Ötən il olduğu kimi, çətin olacağını gözləyirəm. Çox istəkliyik, arzularımız böyükdür, amma qarşıda çətin rəqib var. Səfərdə oynayacağıq. İlk oyundan sonra "Şerif"i daha yaxşı tanıyacağıq. Baş məşqçimiz hansı göstərişləri versə, onları reallaşdırmağa çalışacağıq.
 
- Ötən il "Şerif"ə qol vurmağa nail olmuşdun. Bu oyunlarda da bacaracaqsan?
- Ayaqlarımızı yerdə hiss etməliyik, göydə uçmamalıyıq. Kimin qol vurmasının fərqi yoxdur. Mərhələni adlamaq daha vacibdir. Bizim istəyimiz də budur.
 
- Arzunuzun böyük olduğunu dedin. Artıq Avropa Liqasının qrupuna düşmək “Qarabağ” üçün uğur sayılmayacaq. Yəqin ki, qrupa düşüb, daha da irəli getməyi nəzərdə tutursan?
- Elə danışırsız ki, sanki uzun illərdir Çempionlar Liqasının qrupuna düşürük və Avropa Liqasının qrupunda oynamağı uğur hesab etmirsiz. Cəmi bir dəfə ÇL-in qrupuna düşmüşük. Bu mövsüm bunu reallaşdıra bilmədik. Amma Azərbaycan kimi ölkənin komandalarının Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur. Burada da möhtəşəm komandalar var.
 
- “Qarabağ” Avropa Liqasında qrupa düşsə, püşkatmada ya 2-ci, ya da 3-cü səbətdə yer alacaq. Bu, sizi daha da motivasiya edirmi?
- Səbətlərdən elə də anlayışım yoxdur. Əvvəlcə “Şerif”ə qarşı oynamaq lazımdır.

Xəbər xətti