"Şerif"in məşqçisi: "Qarabağ"ı analiz etmişik"

11:20 - 21 Avqust 2018

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Şerif"in məşqçisi Andrey Korneenkov Moldova çempionatının XVII turunda "Milsami"yə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Qoran Sabliç özünü narahat hiss etdiyi üçün mətbuat konfransına qatılmayıb. Buna görə də, jurnalistlər önünə köməkçi-məşqçi Andrey Korneenkov çıxıb.  O, öncə "Milsami" ilə matç haqda danışıb:

 

"İki fərqli hissə izlədik. İlk hissədə əlimizə düşən imkanlardan yararlana bilmədik. Əgər ilk hissədəki fürsətlərdən yararlansaydıq, ikinci yarıya daha rahat çıxacaqdıq. "Milsami" ilə oyunlar hər zaman sərt keçir. Futbolçularımıza fədəkarlıq etdiklərinə və keyfiyyətli oyun sərgilədiklərinə görə təşəkkür edirəm. Belə oyunlarda nəticə futboldan daha çox önəmli olur".

 

O, komandanın qrafikinin sıx olduğunu, ancaq buna hazırlaşdıqlarını vurğulayıb: "Əlbəttə, çətin qrafikdə çalışırıq. Həm ölkə çempionatında, həm də avrokuboklarda iştirak edirik. İki cəbhədə mübarizə apardığımız üçün heyətdə rotasiyalar etməyə, bəzi futbolçulara istirahət verməyə çalışırıq".

 

Məşqçi Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri olan Azərbaycan çempionu "Qarabağ"la qarşılaşma haqda fikir bildirib: "Bəli, "Qarabağ"ı analiz etmişik. Ancaq "Milsami" ilə oyunumuz olduğu üçün "Qarabağ"la matça hazırlaşmamışıq. Məşqçilər "Qarabağ"la bağlı qeydlərini aparıblar. Bu gündən həmin oyunun hazırlıqlarına başalayacağıq və rəqib barədə uşaqlara məlumat verəcəyik".  

Xəbər xətti