"Qəbələ"nin "Sumqayıt"la 25-ci dueli

16:50 - 24 Avqust 2018

Bu həftə Topaz Premyer Liqasında III turun oyunları keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək. “Qırmızı-qaralar”ın mövsümdəki ikinci ev matçı avqustun 25-də baş tutacaq.

 

Qəbələ şəhər stadionundakı görüş rəqiblərin 25-ci dueli olacaq. Komandalar indiyədək yalnız Premyer Liqada qarşılaşıb. İlk dəfə 2012-ci ildə üz-üzə gələn “Qəbələ” və “Sumqayıt”ın indiyədək keçirdiyi 24 matçda üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. Əvvəlki 6 mövsümdə "Qəbələ" 16 qələbə qazanıb, 6 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Top fərqində də “Qəbələ” böyük üstünlüyə malikdir – 43:17. Bu da onunla bağlıdır ki, “qırmızı-qaralar” əvvəlki oyunların hamısında qol sevinci yaşayıb.

 

"Qəbələ"nin bu matçlarda vurduğu 43 qola 26 futbolçu imza atıb. Daha bir dəfə rəqib futbolçu topu öz qapısından keçirib. “Qəbələ”nin “Sumqayıt”la görüşlərdəki bombardiri Viktor Mendi 7 dəfə fərqlənib. Aleksey Qay, Dodo, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 qol vurublar.

 

“Qəbələ”nin öz meydanında keçirdiyi qarşılaşmalardakı üstünlüyü daha böyükdür. 12 görüşdə 10 dəfə qalib gələn komanda cəmi 2 heç-heçə edib. Qonaqların qapısından 24 top keçirən futbolçularımız 6-nı buraxıblar.

 

Qeyd edək ki, avqustun 25-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.

Xəbər xətti