Foqtsun debütünü korlayan, Ramimi qovan, "Qarabağ"a tanış referi

12:33 - 25 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ" və "Şerif" klubları arasında baş tutacaq matçı makedoniyalı FİFA referisi Aleksandar Stavrev idarə edəcək.
 
Sportal.az xəbər verir ki, 41 yaşlı referinin "Qarabağ"la yolu ikinci dəfə kəsişib. Stavrev 2016/17 mövsümündə Ağdam klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Çexiyanın "Viktoriya" klubu ilə 0:0 hesablı heç-heçə etdiyi oyunda ədalət sahibi olub. Referi "Qarabağ"dan Mahir Mədətovu sarı vərəqə ilə cəzalandırmışdısa, meydan sahiblərinin heyətindən Yan Baraneki meydan qovmuşdu.

 

Stavrev Berti Foqtsun milli komandamızın baş məşqçi postunda rəsmi debütündə idarəçilik edib. DÇ-2010-nun seçmə mərhələsində 2008-ci ilin sentyabrın 6-da keçirilən Uels – Azərbaycan matçınını idarə edən Stavrev 66-cı dəqiqədə millimizin qapısına penalti təyin edib. Həmin oyunda yığmada debüt edən Kamran Ağayev rəqibin penalti zərbəsini dəf etmişdi.

Makedoniyalı hakim 66-cı dəqiqədə 11 metrlik cərimə zərbəsinə səbəb olan Rəşad Sadıqova sarı vərəqə göstərmişdi. O, yığmamızın Braziliya əsilli yarımmüdafiəçisi Fabio Luis Ramimə 20 dəqiqəyə (48 və 68-ci dəqiqələrdə ) 2 sarı vərəqə göstərərək, meydandan qovmuşdu. Sözügedən oyunda Samir Abasov, Elmar Baxşıyev, və Kamran Ağayev də sarı vərəqə almışdı. Uels 82-ci dəqiqədə qələbə topunu vuraraq, almaniyalı mütəxəssis Berti Foqtsun debüt matçında xal qazanmaq arzusunu ürəyində qoymuşdu.
 
Stavrevlə millimizin növbəti dəfə yolu 2011-ci ilin sonunda kəsişir. Podqoritsada keçirilən yoldaşlıq matçında yığmamız Çernaqoriyaya 0:2 hesabı ilə uduzmuşdu. Referi Rahid Əmirquliyev, Elvin Məmmədov və Vaqif Cavadova həmin oyunda sarı vərəqə göstərib.
 
Makedoniyalı referi DÇ-2014-ün seçmə mərhələsində keçirilən Rusiya - Azərbaycan (1:0) matçını da idarə edib. Rusiya Aleksandar Stavrevin 84-cü dəqiqədə təyin etdiyi penaltidən fərqlənərək, oyunda 3 xal əldə etmişdi. Makedoniyalı referi bu oyunda Kamran Ağayev, Vaqif Cavadov, Vüqar Nadirov və Maksim Medvedəvi sarı vərəqə ilə cəzalandırmışdı.

 

Stavrev "Şerif"in avrokuboklarda daha öncə iki oyununu idarə edib. Makedoniyalı referinin Tiraspol təmsilçisi ilə ilk dəfə yolu 2009/10 mövsümündə kəsişib. O, "Şerif"in Avropa Liqasının qrup mərhələsində "Fənərbaxça" ilə ev matçını idarə edib. Qarşılaşmada qonaqlar 1:0 hesablı qələbə qazanıblar. Təcrübəli ədalət sahibi ötən mövsüm Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutmuş "Şerif" - "Legiya" qarşılaşmasını da idarə edib. Səfərdə 1:1 hesablı heç-heçə edən "Şerif" doğma meydanda qolsuz heç-heçə edərək, qrup mərhələsinə yüksəlmişdi. 

Xəbər xətti