Ramil Şeydayev: "Yeganə problemim klub rəhbərliyi ilə idi"

14:15 - 25 Avqust 2018

"Zenit"lə müqaviləm başa çatdıqdan sonra Avropaya üz tutmağa qərar verdim. Bu qərarıma görə heç vaxt təəssüf hiss keçirməmişəm. Düzdü, "Zenit" mənə yeni müqavilə təklif etdi, ancaq bu, mənim ürəyimcə deyildi. Ən yaxşı seçim "Zenit"dən ayrılmaq idi".

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Ramil Şeydayev deyib. 

 

"Krılya Sovetov"un futbolçusu 2016-cı ildə yetirməsi olduğu "Zenit" klubundan ayrılmasından, üz tutduğu "Trabzonspor"da möhkəmlənə bilməməsindən danışıb: "Trabzonspor"da fövqəladə halla üzləşdiyimi demək düzgün olmaz. Düzdü, orada az oynadım, amma gələcəkdə özüm üçün faydalı olan təcrübə qazandım. Mən Türkiyəni və onun çempionatını sevdim. Hər şey ən yüksək səviyyədə idi: oyunlar, azarkeşlər, meydançalar. Yeganə problemim klub rəhbərliyi ilə idi. Ancaq bu barədə danışmaq istəmirəm". 

 

22 yaşlı futbolçu "Bir neçə il bundan əvvəl Sankt-Peterburq futbolunun ən istedadlı nümayəndələri arasında birinci idin. "Zenit"də qalsaydın, necə olardı?" - sualına belə cavab verib: "Bunu heç kim deyə bilməz. Bəlkə yaxşı, bəlkə də pis ola bilərdi. Bir daha deyirəm, verdiyim qərara görə peşman deyiləm". 

 

Hücumçu "Zenit"dəki baş məşqçisi Vladislav Radimovun "Ramil vətəndaşlığını dəyişdirməsəydi, hər şey başqa cür olacaqdı" - fikrinə münasibət bildirib: "Radimovun mənim futbolçu kimi yetişməyimdə böyük əməyi olub.  Mən onun əməyinə yüksək qiymət verirəm. Nikolaeviç bizə hər zaman "Öz qərarlarınızı özünüz verməlisiniz" deyirdi. Mən də qərarımı özüm vermişəm və vətəndaşlığımı dəyişdiyimə görə peşman deyiləm".

Xəbər xətti