Roberto Bordin: "Sizcə, bu, qorxaq futboldur?" MÜSAHİBƏ

22:55 - 26 Avqust 2018

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının III turunda səfərdə “Qarabağ”la heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyun barədə danışıb:

 

- Sübut etdik ki, güclü komandayıq. İmkanlarımız var idi, lakin bəzilərindən yararlana bilmədik. Yaxşı oyuna görə futbolçularıma təşəkkür edirəm. Onların çıxışından razıyam.

 

- “Neftçi” ikinci hissədə qorxaq futbol oynadı. Məğlubiyyətə özünüzü günahkar saymırsınız?

- Biz 7-8 qol epizodu yaratdıq. Sizcə, bu, qorxaq futboldur? Mən bu fikirlə razı deyiləm. Müdafiə futbolu oynayan komanda hücumlar yarada bilməz. Bizim isə imkanlarımız oldu, ancaq yararlana bilmədik.

 

- Yerli futbolçular – Rəhman Hacıyev və Mirabdulla Abbasova şans vermirsiniz. Bunun səbəbi nədir?

- Biz məşqlər əsasında heyəti müəyyənləşdiririk. Bizim üçün yerli və əcnəbi futbolçunun fərqi yoxdur. Kim özünü yaxşı tərəfdən göstərsə, ona şans verəcəyik.

 

- Baqali Dabonu sırf hücumçu kimi oynatmırsınız. Onu bu mövqedə görmürsünüz?

- Dabo hər iki mövqedə çıxış edə bilir. Mən onu cinah oyunçusu kimi görürəm. Karikari bu gün mərkəz hücumçusu kimi pis çıxış etmədi. Həm Karikarinin, həm də digər futbolçularımızın qol vurmaq üçün şansı oldu, ancaq sön nöqtəni qoya bilmədik.

 

- “Neftçi”nin müdafiə xəttində problemlər olduğu açıq-aşkar görünür. Bu anarxiyaya nə zaman son qoyulacaq?

- Anarxiyadan söhbət gedə bilməz. Müdafiəçilərimiz çox yaxşı oyun sərgilədi,onlardan razıyam. 

Xəbər xətti