"Sabah"ın baş məşqçisi: "Onlara inamım çoxdur"

19:33 - 28 Avqust 2018

Azərbaycan Birinci Divizionunda mübarizə aparan “Sabah”ın əvəzediciləri dünən səfərdə “Neftçi”nin müvafiq komandası ilə heç-heçə (0:0) etdi.

 

Sportal.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Vasif Haqverdiyev klubun mətbuat xidmətinə matçla bağlı fikirlərini bildirib:

 

“MOİK-ə qarşı məğlubiyyətdən sonra uşaqlarda bir qədər ruh düşkünlüyü yaranmışdı. Bu 3 gün ərzində çalışdıq ki, onları bu oyuna kökləyək. “Neftçi” Azərbaycanın ən köklü klublarındandı. Yaxşı, istedadlı futbolçuları var. Bu cür komandaya qarşı oyuna köklənmək problemi ola bilməzdi. Uşaqlarda özünəinam hissinin yaranması baxımından bizim üçün vacib qarşılaşma idi. İki fərqli hissə izlədik. Birinci hissədə o qədər də yaxşı təsir bağışlamadıq. Rəqibin fərqlənmək üçün bir neçə fürsəti oldu. Bizim də bir real qol şansımız olsa da, dəyərləndirə bilmədik. İkinci hissədə toparlandıq. Bir az daha yaxşı oynamağa başladıq. Bu 1 xal uşaqlarda özünəinamın yaranması baxımından vacib idi. Gərgin qarşılaşma oldu. Futbolçularıma meydanda xarakter nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Uşaqlar təcrübə topladıqca daha baxımlı oyun nümayiş etdirəcəyik. Onlara inamım çoxdu. Klubumuzun əsas strategiyası da bu futbolçulara təcrübə qazandırmaqla, əsas komandaya cəlb etməkdi”.

Xəbər xətti