Qoran Sabliç: "Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır" MÜSAHİBƏ

20:05 - 29 Avqust 2018

“Şerif” Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisinin xorvatiyalı baş məşqçisi Qoran Sabliç oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- İlk oyundakı nəticə qrupa düşmək üçün bizə şans verir. Çətin olacaq. "Qarabağ”ın güclü olduğunu başa düşürük.Evdə oynayırlar.  Rəqib topla çox yaxşı oynamağı bacarır. Lakin bizim də ilk oyunla müqayisədə daha yaxşı çıxış edəcəyimizi düşünürəm.  Komandamız fiziki cəhətdən daha yaxşı vəziyyətdədir. Rəqibimiz haqda kifayət qədər yeni məlumatlar toplamışıq.

 

- “Xəzər Lənkəran”ın sabiq futbolçusu Denis Kalnikov deyib ki, Bakıda “Şerif” üçün asan olmayacaq. Bunu dərk edirsiniz?

- Əlbəttə, bilirik. Azarkeşlər stadionda xüsusi atmosfer yaradacaqlar. Ancaq buna hazırlaşmışıq. Öz keyfiyyətlərimizi bilirik. Asan olmasa da, əlimizdən gələni edəcəyik. Azarkeş təsirinin komandama və nəticəyə təsir edəcəyini düşünmürəm. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. 

 

- BATE “Qarabağ”la cavab oyununda ehtiyatlı futbol sərgiləmişdi. Sabah “Şerif”in ifasında bunun şahidi olacağıq?

- Biz ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan komandaya qarşı oynayacağıq. “Qarabağ” Avropada özünü sübut etmiş komandadır.  Bu cür rəqibi tam aça bilmərik. Öz keyfiyyətlərimizi ortaya qoymağa çalışacağıq. Hər komandanın zəif və güclü cəhətləri var.  Hər şeyi sabah görəcəyik.  Oyundan asılıdır.  Rəqib təzyiq etsə, müdafiə olunacağıq, imkan düşsə, hücum edəcəyik.

 

- “Şerif”in sabiq baş məşqçisi Roberto Bordin hazırda “Neftçi”də çalışır və ötən tur bu komandalar ölkə çempionatında üz-üzə gəliblər. Bordindən “Qarabağ” haqda hansısa məlumatlar almısınız?

- Xeyr.  “Qarabağ”ın oyunlarına baxmışıq, bu, bizə kifayət edir. Bir neçə futbolçu getsə də, komandada məşqçi işi hiss olunur. “Neftçi” ilə oyunu da izləmişik. Səhvləri tapıb, istifadə etməyə çalışacağıq.

 

- İnnosent Emeqara cəzasını başa vurub və sabah meydanda olacaq. Bu, sizəçətinlik yarada bilər?

- Ona da yaxşı baxmışıq. Moldovada oynayan futbolçulardan daha yaxşı keyfiyyəti olduğu aydındır. Sabah məsələni bir futbolçunun həll edəcəyini düşünmürəm. Öz futbolumuzu oynamalıyıq. “Qarabağ” kimi yüksək səviyyəli komandaya qarşı oynamaq bizim üçün stimuldur. Rəqibin heyətində yaxşı futbolçular çoxdur. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır.

 

- Mərhələni keçə bilməsəniz, klubdakı taleyiniz necə olacaq?

- Belə bir məsələ yoxdur. Qrupa düşməsək, qorxulu heçnə olmayacaq. Yolumuza davam edəcəyik. İndi bu məsələlər barədə düşünmürük. Əlbəttə, hər bir komanda avrokuboklarda uğur qazanmaq istəyir və diqqətimizi sabahkı oyuna yönəltmişik.

Xəbər xətti