Niyə "Zirə", niyə indi? KİÇİK QEYD

12:38 - 4 Sentyabr 2018

Premyer Liqadakı ilk mövsümündə gümüş medal qazanması, növbəti il Avropa Liqasına vəsiqə qazanması “Zirə”nin ambisiyalarından xəbər verir(di). Amma hiss olunan odur ki, indiki halda vəziyyət üzü yaxşıya doğru getmir. Hiss olunan odur ki, klub daxilində nə(lər)sə qaydasında deyil. Cəmi 2 oyundan sonra baş məşqçinin istefaya göndərilməsi/getməsinə səbəb tapmaq çətindir.

 

Belə məqamda Samir Abasovun “Zirə”yə gəlişini də anlamaq asan deyil. Hələ mövsümün əvvəlində bir neçə klubdan təklifi var idi ki, onlardan biri də “Zirə” idi. Lakin o vaxt razılıq verməmişdi. Yəqin daha yaxşı təklif gözləyirdi, daha iddialı komanda çalışdırmaq istəyirdi. Abasov öz açıqlamalarında deyib ki, işləmək arzusundadır. Bu, yaxşı haldı. Onun kimi savadlı mütəxəssis işləməlidi, yetişməlidi. Amma niyə “Zirə”? Tələm-tələsik qərar vermək nəyə gərək idi? Bildiyimiz qədərilə Samir Abasov maddi təminatı qaydasında olan adamdı. Yəni bir parça çörəyə görə getməyib “Zİrə”yə. Belədə Ayxan Abbasovun hazırladığı/qurduğu komandaya getməkdənsə, bir az səbir eləmək olmazdımı?

 

Məsələ burasındadır ki, “Zirə” klub olaraq gələcəyə ümid vermir. Bu çempionatın yekununda “Zirə”nin avrokuboklara vəsiqə qazanacağı inandırıcı deyil. Fərq yaradan yerli futbolçular yoxdur, legionerlərin seleksiyası bərbad aparılıb. Bir nüansı da unutmayaq ki, Samir Abasov “Sumqayıt”ı yaxşı komandaya çevirmək üçün bu işə 3-4 ilini vermişdi. Yəni gəlib qısa zamanda “Zirə”ni düzəldəcəyini əminliklə söyləmək olmaz. Təbii ki, nəticə olmasa, dünya dağılmayacaq. Amma illərdi “Sumqayıt”da çətinliklə qazandığı reytinqi “Zirə”də xərcləmək təhlükəsi yaşaya bilər Samir Abasov. Hərçənd səbir eləsəydi, daha yaxşı təkliflər ala bilərdi...

 

Sportal.az

Xəbər xətti