Rəşad Sadıqov: "Azərbaycan futboluna görə daş daşımaq lazım gəlsə, edəcəyik" MÜSAHİBƏ

00:14 - 12 Sentyabr 2018

“Güclü komandaya qarşı oynadıq, rəqibin təzyiqinə tab gətirməyi bacardıq”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov deyib.

 

Millimiz AÇ-2019-un seçmə mərhələsində növbəti oyununu doğma meydanda Norveçə qarşı keçirib.  Görüş qonaq komandanın qələbəsi ilə başa çatıb. 

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib:

 

- Rəqibimiz üstünlüyə malik idi. Çox sevinirəm ki, futbolçular sona qədər mübarizə apardılar. Komandamın oyunundan razıyam.

 

- U-21 millisinin I Divizionda oynaması daha yaxşı olmazdı?

- I Divizion elə bir səviyyədə deyil ki, bu komandaı orda oynadasan. Bunun faydası olmayacaq. Premyer Liqada oynatsaq, faydası olar.

 

- Hansısa qapıçını milliləşdirilməsi planı var?

- Kamran İbrahimov potensiallı qapıçıdır. Bu barədə düşünmürəm. Bu gün səhv etsə də, ona etimad göstərməyə davam edəcəm. Səhvlər düzələcək. Özüm onu belə oyunlara buraxıram ki "bişsin".

 

- Barış Ekincier əsas milliyə UEFA Millətlər Liqasının oyunları üçün dəvət ala bilər?

- İstərdim ki, futbolçularımdan əsas komandaya dəvət alan olsun. Barış ilk dəfə U-21-də start heyətdə yer aldı. İnanıram ki, növbəti tsikldə daha yaxşı komandamız olacaq. 

 

- Murad Mahmudov Almaniya klubunu dəyişdiyi üçün millidən ayrıldı. Onun getməsinə siz razılıq verdiniz?

- İşimi fərqli qurmuşam. Futbolçulara şans vermək niyyətindəyəm. Murad hələ 4 ildən sonra millidə oynaya biləcək. Mənimlə məsləhət etdi, getməyinə razılıq verdim.

 

- Qarşıda seçmə mərhələnin son oyunu gəlir.  Hansı futbolçulara şans verəcəksiniz?

- 1996-97-ci il təvəllüdlü uşaqlar səfərə aparılacaq. Onların içində milliyə namizdə futbolçular var. Həmin futbolçuları oynadırıq, oynadacağıq. Həmçinin gənclərə də şans verirəm ki, gələcək oyunlara motivasiya ola bilsinlər.

 

- Millimiz Maltaya qalib gələ bilmədi və tənqid olundu. Bununla bağlı fikirləriniz necədir?

- Nəticə yoxdursa, təzyiq olur. Təəssüflər olsun ki, bizdə futbol heç vaxt analiz olunmur. Bu, böyük problemdir. Həm əsas millidə, həm də gənclər millisində praktika ilə bağlı problemimiz olur. Düşünürəm ki, uşaqlar daha yaxşı oynaya bilərdilər. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

 

- Millidə lider çatışmazlığı var. Yenidən yığmaya qayıtmağın mümkündür?

- Biz bunu dəfələrlə müzakirə etmişik. Mənə ehtiyac olsa,orda olacam. Məsləhət olsa, oynayacam. Ancaq bu gün belə bir mövzu yoxdur.  Azərbaycan millisinə xidmət etməyə hazırıq. Əgər Azərbaycan futboluna görə daş daşımaq lazım gəlsə, edəcəyik.

Xəbər xətti