Kamal Quliyev: "Foqtskimilər üstümüzdə 52 min hoqqadan çıxdılar, pulumuzu-paramızı talayıb apardılar"

00:00 - 13 Sentyabr 2018

"Onu deyim ki, ölkədə yerli futbolçu baxımından ciddi problemlər var. İndiki futbolçulara yeni proqram lazım deyil. Yeni layihə aşağı yaş qrupları, valdeynlərinin əlindən tutaraq, futbola təzə addım atan və bu idman növünün sirrlərini yeni öyrənməyə başlayan uşaqlar üçün nəzərdə tutulur. Yeni proqram həmin uşaqlar üçün lazımdır".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın sabiq futbolçusu Kamal Quliyev deyib. Veteran oyunçu millimizin baş məşqçisi Qurban Qurbanovun futbolumuzda yeni proqramın hazırlanması və bir çox şeylərə sıfırdan başlanılması fikirlərinə münasibət bildirib: 

 

"Yeni proqram ələbəttə, vacibdir. Foqtskimilər üstümüzdə 52 min hoqqadan çıxdılar, pulumuzu-paramızı talayıb apardılar. Amma Foqts və onun havadarları bir proqramlarını ortaya qoya bilmədilər. Berti Foqts bura gələndə 12 yaşı olan uşağın onun gedişində 20-yə yaxın yaşı olmuşdu. Amma biz futbolçu yetişdiyini görmədik. Əlbəttə, proqram lazımdır. Bu, vacibdir. Futbol böyük bir elmdir. Bu idman növsünə kimsə gözücu baxırsa, yanılır. Mən meydana çıxanda qaçacam, tullanacam, vuracam, yıxacam düşünürsə, yanılır. Bu, ağılla oynanılır. Əlbəttə, güc də əsas şərtdir, amma çox şeyi ağıl həll edir".

 

Quliyev millimizdə lider çatışmazlığını söyləyib:

 

"Millimiz Malta qarşısında üstün idi. Keçirdiyimiz iki oyunun heç olmasa, birində qalib gəlməli idik. Amma bəzi oyunçularımız komanda oyunundan daha çox şəxsi keyfiyyətlərinə üstünlük verirdi. Futbolda çəki var, qiymət var. Çox təəssüf. Rəşad Sadıqovun millidən gedişindən sonra görün, nələr oldu. O adam əsl lider idi, meydanda nəzarət əlində idi. Sözün əsl mənasında böyük futbolçu idi. Tək Rəşadın olmaması özünü göstərir. Meydanda ağsaqqalın olması, futbolçuları qələbəyə ruhlandıran birinin varlığı mütləqdir".

Xəbər xətti