Nazim Süleymanov: "Hakim futbolçuların çəkdiyi zəhməti yerə vurdu"

22:35 - 14 Sentyabr 2018

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının IV turunun açılış oyununda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki,  təcrübəli mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm və Avropa Liqasında uğurlar arzu edirəm. Oyuna gəlincə, bu rəqiblə oynamaq çətin və şərəflidir. Futbolçularım yaxşı keyfiyyətlərini ortaya qoydular, onlardan razıyam. İrəli baxmaq lazımdır.

 

- Bu gün kifayət qədər əsəbi görünürsünüz. Bunun səbəbi nədir?

- Bu, məğlubiyyətlə bağlı deyil. Futbolçular əziyyət çəkir, güclərini ortaya qoyur. Hakim idarəçiliyi nəticəyə təsir etdi. Siz də gördünüz ki, penalti var idi. Epizoda baxmağa ehtiyac yox idi, top rəqibin əlinə dəymişdi. Sadəcə, futbolçuların haqqın yemək düzgün deyil. Hakim futbolçuların çəkdiyi zəhməti yerə vurdu.

 

- Yusif Nəbiyevin qırmızı vərəqə alması komandanı pis vəziyyətə qoydu. Ona hansısa cəza verəcəksiniz?

- Cəza olacaq. Həmin epizodda əllə oynamaq olmazdı. Ona dedik ki, ehtiyalı olmalısan.

 

- “Sumqayıt” çempionatın ən intizamsız komandasıdır. 4 oyuna 3 qırmızı vərəqə almısınız. Bu, nə ilə bağlıdır?

- Bəli, bu, intizamsızlıq kimi görsənə bilər. Futbolçularım daha diqqətli olmalıdırlar.

Xəbər xətti