"Sportinq"in baş məşqçisi: "Bizi "Qarabağ"la əhəmiyyətli oyun gözləyir"

11:42 - 17 Sentyabr 2018

"Ölkə kubokuna qələbə ilə başlamaq vacib idi. Bu, həm də yeni istiqamətin başlanğıcı oldu. Daha çox qol vurmaq şansımız olsa da, bundan yararlana bilmədik. Çox yaxşı mübarizə apardıq, rəqibin hücumlarının qarşısını aldıq, onlara oynamaq üçün şans vermədik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Joze Pezeiru Portuqaliya Liqa Kubokunun ilk  turunda "Maritimu"ya qalib gəldikləri oyundan sonra deyib.  

 

58 yaşlı çalışdırıcı komandasının qələbə qazanmasından, heyətdəki çətinliklərdən danışıb: "Maritimu" ilə oyunda bəzi əsas heyət üzvlərini meydana buraxmaq mənasız idi. Birləşmək və inkişaf etmək məcburiyyətindəyik. Mən oynamayan, şans qazanmayan futbolçularıma güvənirəm, onlardan daha çox uyğunlaşma tələb edirəm. Nani zədəli olduğu üçün Yovane Kabrala əsas heyətdə yer vermişdim".

 

Portuqaliyalı mütəxəssis iki gün sonra komandasını Avropa Liqasında "Qarabağ"la vacib oyun gözlədiyini, həmin matçın çətin keçəcəyini vurğulayıb: "Məqsəd "Maritimu" ilə oyunu qazanmaq idi. Yaxşı mübarizə apardıq və qələbə qazandıq. İndi bizi Avropa Liqasında əhəmiyyətli oyun gözləyir. Çətin oyundan qələbə ilə ayrılmaq bizim üçün vacib olacaq.  Bəzi futbolçulara keyfiyyətlərini artırmaq üçün imkan verdim. Digərləri ehtiyatda idi, digər futbolçulara isə istirahət vermişdim". 

Xəbər xətti