Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında

17:20 - 1 May 2024

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb.

Sportal.az xəbər verir ki, bununla ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb. Könül Mehtiyeva 17 iyun – 1 iyul aralığında AVRO-2024-ün Frankfurt şəhərində təşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq.

O, qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

Xatırladaq ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.

Xəbər xətti