"Millidə oynamayanda tempdən düşürsən" - MÜSAHİBƏ

14:46 - 13 Noyabr 2024

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" son turda "Səbail"lə bərabərə qaldı. Bu nəticə sizi razı saldı, yoxsa uğursuz nəticə hesab edirsən komanda adına?

"Səbail"i meydana yeni baş məşqçi çıxarmışdı. Yeni məşqçi gələndə komandanın oyun sistemində dəyişiklik olur. Futbolçular da çalışır ki, yaxşı çıxış etsinlər. Atmosfer başqa cür olur. Oyunun ağır keçəcəyini də bilirdik. İlk hissədə çox zəif çıxış etdik. Fasilədən sonra toparlana bildik. Bəlkə qələbə də qazanmaq mümkün idi. Bir xal qazandıq, xallarımızın üzərinə növbətisi gəldi. Çalışacağıq ki, qarşıdakı oyunlarda xallar qazanaraq yuxarı pillələrdə olaq.

- Səncə nəyə görə qələbə qazana bilmədiniz? "Səbail" çox güclü mübarizə apardı, yoxsa nə idi başqa səbəb?

Bayaq dediyim kimi, komanda oyuna yeni baş məşqçi ilə çıxmışdı. Düzü, "Səbail"in necə oynayacağını, matçın da hansı axarda gedəcəyini bilmirdik. Bir xal qazandıq. Çempionat elədir ki, hər bir komanda digərindən xal almağı bacarır. Aşağıda pillədə qərarlaşan komandalar da yuxarıda yerləşənlərdən də xal alır. Çempionatımız həqiqətən ağırdır. Üç xal qazanmaq istəyirdik. Rəqiblər də xal itirmişdi. Çalışırdıq ki, "Səbail"i məğlub edərək rəqiblərdən uzaqlaşaq.

- "Turan Tovuz" fasiləyə bir xalla yollandı. Hazırkı fasilə komandanın xeyrinə olacaq?

"Sumqayıt", "Kəpəz"i məğlub etmişdik, "Qarabağ" və "Səbail"dən bir xal aldıq. Məğlub olmamışıq. Dörd oyuna 8 xal qazandıq. Doğrudur, daha çox xal qazanmaq mümkün idi. Fasilə yaranıb. Zədəlilərimiz özünə gələcək, futbolçuların yorğunluğu aradan qalxacaq. Yaxşı nəticələr qazanmaq istəyirik. 

- Bu dəfə milli komandaya dəvət edilmədin. Sənin üçün gözlənilməz oldu? Niyə dəvət edilmədin?

Milli komandamızın baş məşqçisi var. Mən futbolçuyam, stabil oynayaraq komandamıza xeyir verərək, millinin də baş məşqçisinin diqqətini cəlb etmək istəyirəm. Bu dəfə dəvət olunmadım. Daha ideal formada olmağa çalışacam ki, növbəti toplanışlara çağırsınlar.

- Ümumiyyətlə, əvvəlki matçlarda sanki hiss olunurdu ki, Santuş sənə önəm verir, oyunlara buraxırdı. Son dəfə səninlə söhbəti olmuşdu? Kurban Berdiyev narazılıq edirdi ki, Xəyal Nəcəfov və Şəhriyar Əliyev millidən qayıdanda fiziki durumları yaxşı olmur. Səncə, bunun dəvət edilməməyinə təsiri oldu?

Milli elədir ki, ora hamı dəvət almaq istəyir. Kimin dəvət olunması isə baş məşqçinin qərarıdır. Millidə 3-4 gündən bir oyun oynayırsan. Məşqlər elə də ağır getmir. Oynamayanda isə tempdən düşürsən. Yenidən özünə gəlməyin üçün vaxt çəkir. Klubun düşərgəsində isə fasilə zamanı fiziki durumu daha yaxşı etmək olur. Futbolçu olaraq çalışırıq ki, formada qalaq və komandamıza xeyir verək. Əsas olan millimizin qələbə qazanmasıdır. Kimin oynamasının fərqi yoxdur.

Mirbağırağa
 

Xəbər xətti