Yığmamızın baş məşqçisi: "Vəziyyəti dəyişə bilərdik"

09:48 - 14 Noyabr 2024

"Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq".

Sportal.az xəbər verir ki, bu sözləri U-19 yığmamızın baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsində 7-ci qrupun I turu çərçivəsində İslandiya yığması (0:2) ilə keçirilən oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. 

“Yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Matçın əvvəlində bir neçə səhvə yol verdik və qol buraxdıq. İkinci hissədə təşəbbüs tamamilə bizim tərəfimizdə idi. Rəqibin gücünə baxmayaraq, qol imkanlarında onları xeyli üstələyirdik. Məğlubiyyətin əsas səbəbini yaranan şansları qola çevirməməyimizdə görürəm. İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik. Lakin yetərincə qol imkanlarını dəyərləndirə bilmədik”.

Baş məşqçi qarşıdakı matça 3 xal qazanmaq üçün çıxacaqlarını söyləyib: “Növbəti rəqibimiz İrlandiya millisidir. Birinci oyunda uduzmağımıza baxmayaraq, hələ də şanslarımız qalır. Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq. Üç xal bizim üçün çox önəmlidir və meydana məhz bu məqsədlə çıxacağıq”.

Qeyd edək ki, U-19 millimizin İrlandiya ilə oyunu noyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda keçiriləcək.

Xəbər xətti