Sami Abasov üçün həlledici an - Abubakara futbolçu yox, meydandakı köməkçisi kimi yanaşmalıdır

15:31 - 2 Noyabr 2025

Uzun vaxtdan sonra "Neftçi"də üzlər gülməyə başlayıb. Ardıcıl iki qələbə Premyer Liqa başlayandan bəri olmamışdı, özü də irihesablı qələbə. 

Abubakarın gəlişiylə "Neftçi" "qabıq dəyişikliyi" yaşayıb. Kamerunlu futbolçu meydanda olanda, sanki komanda yoldaşları da özlərini daha inamlı hiss edirlər. Vensan özgüvən enerjisi ötürür yanındakılara. Xarakteri çətin biri deyirdilər haqqında. Lakin meydanda yalnız ağıllı oyunuyla deyil, həm də ağıl dolu insana xas baxışlarıyla cəlb eləyir ətrafdakıları. 

Bundan sonra hər şey Samir Abasovdan asılı olacaq. Ya Abubakarın imkanlarından maksimum yararlanacaq və onun köməyi ilə istədiyi komandanı quracaq, ya da kamerunlu futbolçuya olan diqqətdən narahatlıq keçirib hər şeyi bərbad edəcək. Allah "Neftçi"ni ikincisindən qorusun, yoxsa böyük məyusluqlar yaşanacaq. 

Hələ ki hər şey qaydasında gedir. Lakin Samir Abasovun açıqlamalarında sanki Abubakarı başqalarından fərqləndirməmək ritorikası müşahidə olunur. Elə bil Abasov nəticələlərin Abubakarın gəlişiylə bağlanmasına dair səslənən fikirlərə şərik çıxmaq istəmir. Bəlkə də, belə deyil, amma məhz belə hiss olunur. 

Hamı bilir ki, futbol kollektiv oyundur, meydanda bir yox, on bir nəfər oynayır. Amma bəzən o bir nəfər elə futbolçu olur ki, onsuz komanda özünə bənzəmir. Əgər "Neftçi" yaxşı futbol sərgiləyirsə, bu, ilk növbədə baş məşqçinin, onun korpusunun, rəhbərlikdən tutmuş klubun ən sıravi işçilərinə qədər hər kəsin əməyidir. Təbii ki, hərənin üzərinə düşdüyü məsuliyyət və yük qədər. 

Kimsə razılaşmaya bilər, amma "Neftçi" indi yox, mövsüm başlayandan bəri rəqiblərindən üstün futbol sərgiləyib. Amma məhz "vuran ayaq" olmadığı üçün xeyli xal itkilərinə yol veriblər. Abubakarın gəlişiylə isə komandanın ayağı açılıb. 

İfeayni əla qoşulub komandaya, Varqas yaxşı forma yığıb, amma Abubakar tam başqadır. Meydandakı duruşu, baxışı belə kifayətdir ki, komanda yoldaşları hər epizodda sona qədər mübarizə aparsınlar. Sözsüz ki, hamısı özünə görə futbolçudur, amma heç biri Abubakar deyil. Bunu özləri də yaxşı başa düşürlər. 

Samir Abasov da Abubakarı başqa cür qəbul etməli, onu hamıdan fərqləndirməlidir. Onunla adına uyğun, karyerasına layiq şəkildə davranmalıdır. Xoş sözü əsirgəməli deyil. Hiss etdirməlidir ki, Abubakar futbolçu yox, onun meydandakı köməkçisidir. Böyük futbolçularla işləmək fərqli bacarıqlar tələb edir məşqçidən. "Neftçi" üçün indi vacib olan Samir Abasovun adlı-sanlı oyunçuyla işləmək bacarığını nümayiş etdirməsidir.

Həmid

Xəbər xətti