Yaxşı məşqçi ilk növbədə futbolçuları idarə eləyə bilən mütəxəssisdir. Fərqli xasiyyətlərə, dünyagörüşünə malik 23-25 nəfərlik kollektivi əlinin içində saxlaya bilmək hər məşqçinin bacaracağı iş deyil. Söhbət futbolçulardan və futboldan gedirsə, prosesin nəzarətdən çıxmamasına nail olmaq daha da çətinləşir. Futbolçuları bilirik, yumşaq desək, hər ağılda olanı var. Futbolun özü də o qədər emosional oyundur ki, sakit adamı da hövsələdən çıxarar.
Millimizin Malta ilə məğlubiyyətlə bitən oyununda iki futbolçumuz kəllə-kəlləyə gəlib. Elə meydandaca münasibətlərinə aydınlıq gətirmək istəyiblər. Anton Krivotsyuk və Abdulla Xaybullayev. Oyun bitər-bitməz yığmamızın baş məşqçisi Ayxan Abbasov hər ikisini millinin düşərgəsindən qovub.
Məsələyə münasibət bildirən Ayxan bəy bəzi şeylərin bağışlanmaz olduğunu deyib. Biz Ayxan Abbasovu yaxşı tanıyırıq, o da mentalitetimizi yaxşı bilir. Bunlara sərt üzünü göstərməsə, sonra millidə başqalarını yığıb-yığışdırmaq problemə çevriləcək.
Dünənki mətbuat konfransında bu futbolçuların gələcək aqibəti barədə danışan Abbasov onların qarşıdakı oyunlarda yığmaya çağırılmasının mümkün olduğunu deyib. Yəni bir az burunları ovulsun, dərs çıxarsınlar ki, Ayxan Abbasovlu millidə intizam məsələsində heç kimə güzəşt yoxdur.
Təbii ki, bir hadisəyə görə yığmanın iki əsas futbolçusunu silmək də doğru deyil. Bunu Ayxan Abbasov da yaxşı başa düşür. Ona görə də, cəzalandırdı, amma üstlərindən xətt çəkmədi.
Fikrət
saytlarin hazirlanmasi
