"Zenit"in futbolçusu: "Neftçi" və "Qarabağ" kimi komandalarda oynamaq istəyərəm" - MÜSAHİBƏ

Hazırda Rusiya birinci divizionunda yarışan “Zenit”(İjevsk) klubunun Azərbaycan əsilli futbolçusu Sergey Peterson Sportal.az saytına müsahibə verib. 2001-ci il təvəllüdlü “Krasnodar” yetirməsi olan futbolçu, oradan bir müddət əvvəl ayrılaraq İjevsk təmsilçisi ilə müqavilə imzalayıb. 

 

- Son olaraq “Krasnodar”ın üçüncü komandasında oynamışdın. Necə alındı ki, “Zenit”ə keçdin?
- Məni öncə “Krasnodar”ın ikinci komandasına cəlb etdilər. Ora Murad Musayev gəlməliydi. Amma hansısa səbəblərə görə razılıq əldə edə bilmədi. Baş məşqçi kimi Strojuku təyin etdilər. Onun planında isə mən yox idim və klubla xoşluqla ayrıldıq. “Zenit”dəki məqsədim özümü yaxşı tərəfdən göstərib, irəliləməkdi.

 

- Azərbaycanla bağlılığın hansı səviyyədədi? Heç azərbaycanca danışa bilirsən?
- Təbii ki, bağlılığım var. Bakıda qohumlarım, atamın dostları yaşayır. Daima onlarla münasibətdəyəm. Düzünü deyim, Azərbaycan dilini yaxşı bilmirəm. Amma öyrənməyə çalışıram. Atam isə azərbaycanca çox yaxşı bilir. Ötən il qışda Azərbaycanda idik, istirahətə gəlmişdik.

 

- Gələcəklə bağlı planların necədi? Rusiyada qalmaq istəyirsən, yoxsa Azərbaycana gəlməyi düşünürsən?
- Hələ ki, Rusiyada qalmaq istəyirəm. Amma Azərbaycandan yaxşı təklif gələrsə, gəlməyi düşünürəm.

 

- Azərbaycan klublarından dəvət almısan heç?
- Bildiyim qədərilə “Sabah” agentlərə müraciət etmişdi. Amma mən Rusiyada qalmağa çalışdım. Əlbəttə ki, “Neftçi” və “Qarabağ” kimi komandalarda oynamaq istəyərəm. Çünki ölkənin 2 ən yaxşı klubudu.

 

- Bu klubun akademiyasının yetirməsi hesab edilirsən. Nəyə görə A komandasında oynamaq alınmadı?
- 10 yaşımdan “Krasnodar”ın akademiyasında yer almışdım. Həqiqətən dünyanın ən yaxşı şəraitinə malik olan akademiyalarından biridi. Orada hər şey futbol üçün nəzərdə tutulub. Əsas komandada oynamaq niyə alınmadı, bilmirəm. 

 

- “Krasnodar”ın gənc ulduzu hesab edilən Maqomed-Şapi Süleymanova verilən şansdan sənə verilmişdi?
- Əslində Şapiyə verilən şans məndə olmamışdı. Ancaq düşünürəm ki, əgər Murad Musayev əsas komandada qalsaydı və ya “Krasnodar 2 komandasına baş məşqçi gəlsəydə, hər şey tamam başqa cür olardı.

 

- Hazırda “Krasnodar” akademiyasında azərbaycanlılar var?
- İndi də “Krasnodar” akademiyasında azərbaycanlılar var. Doğrudu, lap balacadı, amma çox böyük istedadı var. Hakan Yaqubovdu. Onun gələcəyinə böyük ümidlər bəsləyirlər. Çox yaxşı futbolçu olacaq.

 

- Necə düşünürsən, Azərbaycan millisində oynamaq səndə alınacaq?
- Çox üzülürəm ki, o vaxtı Azərbaycan yığmasına gəlmək alınmamışdı. Ümidvaram ki, gələcəkdə bu baş tutacaq və Azərbaycan yığmasında oynamaq alınacaq. Mən indi də Azərbaycan yığması, ölkə çempionatı ilə maraqlanıram. 

Tarix: 23 İyul 2021 / 11:31
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017