"Premyer Liqaya "Kəpəz" forması ilə qayıtmağı çox istəyərdim"- MÜSAHİBƏ

Bu mövsüm "Kəpəz"ə birinci divizionda kömək edən Cavid İmamverdiyevin yeni mövsüm üçün də komandada saxlanılacağı ehtimal edilir. Gəncə klubunun heyətində oynayan azsaylı təcrübəli futbolçulardan olan İmamverdiyev Sportal.az saytına müsahibə verib. Millimizin də formasını geyinmiş Cavid müsahibəsində "Kəpəz"in bu mövsümkü çıxışını dəyərləndirib və gələcəklə bağlı məqsədlərindən söz açıb.

- "Kəpəz" mövsümü 7-ci pillədə başa vurdu. Mövsümü komandanız üçün necə dəyərləndirirsən?
Düzdü, "Kəpəz" mövsümü 7-ci pillədə başa vurdu. Məncə, potensialımızla uyğun gələn mövqe deyil. Biz ən azından ilk "üçlük"də ola biləcək komandaydıq. Futboldur da, hər şey ola bilər. Qismət belə imiş. Könül istərdi ki, ilk “üçlük”də olaq. Azarkeşlərimizi, rəhbərliyimizi, baş məşqçimizi sevindirək. Təəssüflər olsun ki, bu, bizdə alınmadı. Allah qoysa, Premyer Liqada azarkeşlərimizi, rəhbərliyimizi sevindirərik.

- "Turan Tovuz" və "Kəpəz"in birinci divizionda üst pillələrdə olmamasına rəğmən Premyer Liqaya buraxılması tez-tez sosial şəbəkələrdə və futbol azarkeşləri tərəfindən birmənalı qarşılamır. Sadəcə ən azından Premyer Liqaya bölgə klubları gəlir deyə, çox adam bu məsələ haqda çox şərh bildirmir. Hər halda çempion kimi Premyer Liqaya yüksəlmək daha yaxşı olardı?
-
Əlbəttə ki, Premyer Liqaya çempion kimi yüksəlmək daha sevindirici və daha yaxşı olardı. Elə bu məsələyə görə heç birimizin ürəyi də rahat deyil. Premyer Liqada oynayanda bunun “acığını” çıxarıq. İnanıram ki, yüksək liqada uğurlu nəticələrimiz olacaq. Heç ürəyimizcə olmadı, heç olmasa ilk "üçlük"də olmalıydıq. 

- Hazırki heyətlə Premyer Liqada oynaya bilərsiniz, yoxsa güclənməyiniz mütləqdi?
Çox oyunumuz olub ki, həqiqətən intizamlı oynayıb, xarakter göstərmişik. Niyə də yox? Orada oynayanların hamısı oynayan uşaqlardı. Nəyin necə olacağını rəhbərliyimiz, baş məşqçimiz bilir. Bu barədə məlumatım yoxdu. Allah qoysa, yaxşı olar, baş məşqçimiz döyüşkən ruhlu komanda yaradar. Ümid edirik ki, belə də olacaq.

- Yeni mövsümlə bağlı sənə yeni müqavilə təklif edilib? Yəqin ki, komandada qalanlardan biri də sən olacaqsan?
Yox, heç kimə heç bir müqavilə təklif olunmayıb. Məncə, hələ ki, tezdi. Çünki mayın 31-nə kimi içi mən qarışıq hamımızın müqaviləsi var. Yeni müqavilə təklif etsələr çox sevinərəm. Premyer Liqaya “Kəpəz” forması ilə qayıtmağı çox istəyərdim. Çox gözəl hiss olardı. Müqavilə təklifi isə hələ ki, yoxdu. Nəsə olsa, xəbəriniz olacaq.

- Premyer Liqa və birinci divizion arasında fərq çox böyükdü? 
Bəli, fərq çox böyükdü. Həm təcrübə baxımından, həm də xarakter məsələsini deyirəm. Bəzən futbolçular görürsən ki, yaxşı futbolçudu, amma xarakteri yoxdu. O da təcrübəsizlikdən irəli gəlir. Amma fərqə qalanda fərq çoxdu.

- "Kəpəz"i yeni mövsümdən Premyer Liqada necə təsəvvür edirsən? Yəqin ki, rəqiblər üçün Gəncədə oynamaq asan olmayacaq?
"Kəpəz" gücül rəqiblərdən biri olacaq. Əsasən də Gəncədəki oyunlarda. Bu, həmişə belə olub. Onsuzda "Kəpəz" öz sözünü deyən komandalardan olub. Ümid edirəm ki, davamçıları da biz olacağıq. "Kəpəz"in adına layiq çıxış edəcəyik.

- Premyer Liqada oynayaraq, yenidən milli komandaya qayıtmaq kimi də məqsədin var?
Premyer Liqada oynayandan sonra niyə də olmasın? Millidə oynamışam, yenə də niyə oynamayım? Hər şey ola bilər. Formaya düşdükdən sonra yenidən milliyə dəvət gözləyə bilərəm. Amma dediyim kimi, yalnız formaya düşdükdən sonra bunu gözləmək mümkündü. Yoxsa, səhərə kimi boş-boşuna danışa bilərik, danışmağa nə var? Əsas formaya düşmək lazımdı, daha sonra tələb etmək olar. 

Tarix: 20 May 2022 / 19:41
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

27 İyun 2022
26  Dekabrİyun 2017