"Növbəti 5-10 il ərzində Olimpiya oyunlarında iştirak etməyi nəzərdə tuturuq" MÜSAHİBƏ

Dünyanın ən prestijli idman növlərindən biri də qolfdu. Yay Olimpiya İdman oyunlarının da siyahısına daxil edilmiş bu idman növü ilə məşğul olanlar arasında dünyaca tanınmış şəxslər də var. Maykl Cordan, Devid Bekhem, Floyd Meyvezer, Şakil Onillin adını çəkərək bu idman növünə marağın hansı səviyyədə olmasını göstərmək mümkündü. Azərbaycanda isə qolfun hansı durumda olmasını bilmək üçün qolf məşqçisi, həm də Azərbaycan Qolf Federasiyasının idarə heyətinin üzvü Tural Vəlizadə ilə danışdıq. 

 

Öncə, özünüz haqda oxucularımızı məlumatlandırardınız...

Vəlizadə Tural Vəli oğlu, 1992-ci ilin may ayının 1-də Bakı şəhərində dünyaya gəlmişəm. Uşaqlıq illərindən idmana böyük marağım olub. İdmanın müxtəlif növlərilə məşğul olmuşam. 2014-cü ildən etibarən qolfla məşğul olmaq qərarına gəldim. Elə o vaxtdan bu yana da bu idman növündəyəm.

 

Azərbaycanda qolfa olan maraq necədi? Yəqin ki, istənilən səviyyədə olmadığı ilə razısınız?

Xeyr, razı deyiləm. Azərbaycanda qolfun yaranma tarixinə baxsaq və bununla müqayisə etsək, görərik ki, əksinə hər şey çox yüksək səviyyədədi. Azərbaycanda cəmi 8-9 ildir ki, qolf var. Ölkəmizə gələn xarici qonaqların böyük əksəriyyəti qolfla məşğul olur. Həmçinin hər il yerli əhali arasında da qolfa maraq artır.

 

 

Yerli əhali arasında bu marağı necə daha da artırmaq olar? Bunun üçün hər hansı addımlar atılır?

Əslində, qolfa olan marağı yüksəltmək çox asandı. Çünki bu idman növündə yaş məhdudiyyətləri yoxdu. Hər kəs 4-5 yaşından etibarən yaşlı insanlara qədər qolf oynaya bilər. İlk növbədə bu idmana hobbi və həyat tərzi kimi yanaşmaq lazımdı. Addımlar təbii ki, atılır. Ölkəmizdə qolf federasiyası mövcuddu və 2 qolf klubu da var. Quba və Bakıda qolf klubları yerləşir. Bir çox tədbirlər, yarışlar keçirilir, media tərəfindən də işıqlandırılır.

 

Hansı yarışlar keçirilir keçirilir?

Əlbəttə, yarışlar keçirilir. Həm peşəkarlar, həm də həvəskarlar arasındadı yarışlar. Hazırda ölkəmizdə həvəskar oyunçular çox olduğundan yarışların formatı da ona uyğun keçirilir. Uşaqlar arasında da yarışlar mövcuddu.

 

Qolf barədə ümumi fikriniz necədi? Buna sırf olaraq idman, yoxsa hobbi kimi yanaşırsınız?

Qolfla bağlı ümumi fikrim çox yaxşıdı. Bu da bir növ məşğuliyyətdi, idmandı. Qolf dedikdə burada tək hobbi və idman deyil, həm də özünəməxsus peşələr mövcuddu. Başlanğıc üçün hobbi kimi olmalıdı. Nəticələr yaxşılaşmağa doğru getdikcə artıq peşəkar idman kimi yanaşmağı məqsədəuyğun hesab edirəm.

 

Ölkə xaricindəki turnirlərdə fərqlənən azərbaycanlı qolfçular var? Yəqin ki, ölkəmizdə çoxları həmin idmançıları tanımır. Adlarını çəkə bilərsiniz?

Bəli, var. Ölkə xarici turnirlərdə hələ ki, iştirakımızı bir uğur kimi dəyərləndirirəm. Çünki bayaq dediyim kimi ölkəmizdə bu idman növü 8-9 ildir ki, mövcuddu. Bu qısa müddətdə biz özümüzü beynəlxalq turnirlərdə iştirak etmək üçün hazırlaya bilmişik. Hazırda dünya səviyyəli, tanınmış oyunçularımız yoxdu. Amma bizi qonşu və dost dövlətlərdə çox yaxşı tanıyırlar. Türkiyə, Gürcüstan, Rusiya, İran, Özbəkistan, Qazaxıstan, Bəhreyn, BƏƏ və Qətərdə komandamızın üzvlərini yaxşı tanıyırlar. Biz artıq EGA, yəni Avropa Qolf Assosiasiyasının rəsmi üzvüyük və Avropada da tanınırıq. Komandanın oyunçuları arasında özümü deyə bilərəm, Hüseyn Babazadə və Nəbi Efendinin də adını çəkmək olar.

 

 

Özünüz də turnirlərdə iştirak etmisiz. Maraqlıdı, ən yüksək qazancınız nə qədər olub?

Milli komandanın oyunçusu olduğuma görə yarışlarda müntəzəm olaraq iştirak edirəm. Ən çox qazancım 1000 avro olub. 2018-ci ildə matç pley turnirində birinci yer olmuşdum.

 

Qolfun Olimpiya idman oyunlarına daxil edilməsi bu idman növünə marağı artırmır?

Qolf artıq Olimpiya İdman növüdü və 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilən yay Olimpiya oyunlarından etibarən yarışlara daxil edilib. Olimpiya idman növü olmasından sonra bizdə də federasiyaya seçimlər oldu. 2022-ci ildə fevralın 10-da hörmətli Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti, Anar Əzimov federasiyanın vitse-prezidenti seçildi. Bununla da qolf sürətlə inkişaf etməkdədi.

 

Federasiyanın Tayqer Vuds və Fil Mikels kimi dünya qolf ulduzlarını ölkəmizə dəvət etmək planı olub heç?

Adlarını sadaladığınız oyunçular ölkəmizdə olmayıb. Onlar kimi dünya şöhrətli oyunçuların dəvət edilməsi çox böyük vəsait tələb edir. Hazırda buna ehtiyac yoxdu. Amma onu deyə bilərəm ki, 2015-ci ildə Xəyal adası qolf klubunun açılışı zamanı digər tanınmış oyunçu Kolin Montqomeri Bakıda olmuşdu.

 

Qarşıdakı 5-10 ildə Azərbaycanda qolfun geniş yayılacağı idman növlərindən biri olacağını ehtimal edirsiz, yoxsa belə səssiz də qalacaq elə?

Növbəti 5-10 il ərzində biz artıq Olimpiya oyunlarında və major yarışlarda iştirak etməyi nəzərdə tuturuq. Bunu da sonda yumor kimi demək istəyirəm ki, qolf oynayan zaman səssizliyi qorumaq şərtdi.

 

Mirbağırağa Cəfərli

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXV

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

 

Tarix: 26 İyun 2022 / 14:02
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

16 Avqust 2022
15  DekabrAvqust 2017