Fariz Nəcəfov: "Qəbələ"nin avrokuboklarda əvvəlki kimi uğurlu çıxış etməsi üçün çox çalışırıq" - MÜSAHİBƏ

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Sportal.az saytına müsahibə verib:

 

- Komanda Konfrans Liqasına nə dərəcədə hazırdı? Yeni transferlər olacaq?

- İki mövqeyə yeni oyunçular axtarırıq. Toplanışa yeni başlamışıq, komanda hələ tam hazır deyil. Türkiyədəki təlim-məşq toplanışının sonunda hazır ola biləcəyik. Baş məşqçi ilə danışacağıq. 


- Yeni transferlərdən gözləntiləriniz nədir?

- Hər ucu təcrübəli futbolçudur. Felipe Santos haqda ancaq xoş sözlər deyə bilərəm. "Şamaxı"da oynadığı matçları yəqin ki, xatırlayırsız. Ümid edirəm ki, komandaya tez adaptasiya olar. İlkin Qırtımov hamımızın tanıdığı çox mübariz, əzmkar futbolçudur. İnanıram ki, bizim oynadığımız oyuna tam uyğun oyunçudur. Səlahət Ağayevə gəldikdə isə, Azərbaycanda üç yaxşı qapıçı varsa, onlarda biri də Səlahətdir. Yalnız müsbət gözləntilərimiz var. 


- Ötən mövsümün əvvəlində "Qəbələ"də bir ümidsizlik var idi, komandadan gözləntilər az idi. Avrokuboklar öncəsi vəziyyət necədir?

- Rəqib haqda çox məlumatımız yoxdur, amma bilirik ki, heyəti güclüdür, özləri də təcrübəlidi və iddialıdırlar, həyətlərində kifayət qədər güclü oyunçular var. Ona görə də bilirik ki, çətin olacaq. Əgər oyuna tam məsuliyyətlə yanaşsaq, şans həmişə var. Əlimizdə nə potensial varsa, onun üzərində iş görməyə çalışırıq. 


- "Fehervar" kağız üzərində favorit göstərilir. "Qəbələ" bir mərhələ keçsə, bu uğur sayıla bilər?

- Əlbəttə ki, bizim üçün uğur sayıla bilər. Amma ümumi danışsaq, çox böyük iş deyil. Bundan yaxşısını etmişik və edə bilərik. Bunun üçün müəyyən işlər görmək lazımdır. "Qəbələ"nin avrokubokda əvvəlki kimi uğurlu çıxış etməsi üçün çox çalışırıq. Nə qədər uğurlu olacağını zaman göstərəcək. 


- Büdcə məsələsində qeyri-müəyyənlik davam edir. Bu avrokubok öncəsi nə dərəcədə narahatlıq yaradır?

- Bizim büdcə bir neçə yerdə formalaşır. Büdcə bir yerdən formalaşmadığına görə bir az qeyri-müəyyənlik var. Amma bizə ayrılacaq büdcə ilə bağlı məlumatı vermişik. Yəqin ki, yaxın vaxtlarda siyahı üzrə köçürmələr olacaq. Narahatlığım yoxdur. Konfrans Liqasının gəliri oktyabr ayında verilir. Onu gözləməyə vaxtımız yoxdur. Komanda təlim-məşq toplanışına gedir. Ora getmək üçün pul lazımdır. Bunlar hamısı danışılıb, gözləyirik. 


- Cavab matçının Qəbələdə olduğunu nəzərə alsaq, şansları bərabər hesab etmək olar?

- Rəqib meydanında qolun üstünlüyü ləğv olunduqdan sonra doğma metdan amili öz əhəmiyyətini itirib. Amma mən belə düşünürəm ki, biz səfərdə daha yaxşı oynamalıyıq. Orada elə oynamalıyıq ki, ümidverici hesabla qayıdaq. Mərhələni keçmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

 

Mirbağırağa Cəfərli

Tarix: 27 İyun 2022 / 11:00
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

16 Avqust 2022
15  DekabrAvqust 2017