"Neftçi"nin oyunu barədə heç nə deyə bilmərəm, çünki ortada oyun yox idi" - MÜSAHİBƏ

"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov Sportal.az saytına müsahibə verib.


- "Neftçi" Vyanada "Rapid"ə uduzdu. Komandanın oyununu necə dəyərləndirirsiniz?
- Vyanada oyunun çətin olacağını bilirdim. Hər halda “Neftçi” mərhələni keçə bilmədisə, günah özündədi. Oyun barədə heç nə deyə bilmərəm, çünki ortada oyun yox idi.

- Baş məşqçi matçdan bir gün əvvəl keçirilən mətbuat konfransında Vyanaya hesabı qoruyub-saxlamaq üçün getmədiklərini bildirmişdi. Amma komanda oyunboyu müdafiə olundu. Daha fərqli oynamaq olmazdı?
- Futbolda belə bir şey var, sən nə qədər hücumda oynamaq istəsən də, rəqib səni müdafiəyə oturda bilir. Bu da normal haldı. Daha fərqli futbol oynamaq olardı. Əsas olan mərhələni keçmək idi. Bunu da edə bilmədilər. Baş məşqçi oyun planında komandanı matça düzgün hazırlaya bilmədi.

- Yeni transferlər - Qodsvay Donyo, Kenni Sayef qol epizodlarından yararlana bilmədilər. Komandanın onların ümidinə qalması nə dərəcədə doğru idi?
- Hər şey əksinə də alına bilərdi. Düşən qol imkanlarından maksimum istifadə olunsaydı, hesab başqa cür də olardı. Bəlkə də “Neftçi” mərhələni keçərdi. Amma bəlkələr futbolda çox şeyi həll etmir. Start heyətində meydana çıxan futbolçularla mərhələni keçmək mümkün idi. Qodsvay və Sayefə gəldikdə, iki futbolçudan çox şey asılı ola bilməz axı. Onların oyunu alındısa, vəssalam, hər şey yaxşıdı, alınmadısa, komandanın oyunu alınmadı fikirləri olmamalıdı. Çünki futbolda belə bir şey yoxdu. Meydanda 11 nəfər oynamalıdı, bəlli plan olmalıdı.

- Laurentsiu Regekampfın rəhbərliyi altında bundan sonra "Neftçi" nəyə ümid edə bilər? 
- Baş məşqçi yeni gəlib. Çempionatda bir oyun oynayıblar. Amma tam heyətlə Premyer Liqada oyunlarını görməmişik. O, öncə oyun üslubunu dəyişməlidi və oyun planını düzəltməlidi. Bundan sonra nəsə demək olar. Müdafiəçilər topu vursun qabağa, orada nəsə olar, hansısa futbolçu nəyisə edər...Bu çox çəkməyəcək. Elə deyilirdi də oyun yoxdu, nəticə var. Oyun yoxdursa, qarşına səndən daha keyfiyyətli komanda çıxır, fiziki durumu səndən də üstün olan komanda ilə oynayırsan və istər-istəməz topla səninlə elə davranır ki, nəticə də belə olur.

- Düşünmək olar ki, "Neftçi" oyunu əlavə vaxta aparıb penaltilərdə şansını sınamaq istəyirdi?
- “Neftçi” oyunu penaltilərə aparmaq istəmirdi. Çünki ora qədər getmək üçün güc sərf etməliydi. 90 dəqiqədə nəsə etməyə çalışırdılar. Bu, alınmadı, yorğunluq öz sözünü dedi. Komandanın 11 nəfəri var, əvəzetmələrdə çətinlik çəkirlər. Çünki ehtiyatdakı futbolçular o səviyyədə deyil ki, Konfrans Liqasında sonradan meydana çıxıb komandaya kömək etsinlər. Amma "Rapid"i keçmək olardı. "Neftçi"yə ehtiyat qüvvə lazımdı. Bu oyunla nəsə demək mümkün deyil. Altı ay dözmək lazımdı. Baxaq, oyun necə olacaq, baş məşqçi oyunu dəyişmək istəyəcək, ya yox.

- Hər halda "Qarabağ" yenə Avropada tək qaldı, "Neftçi" isə yəqin ki, çempionluq mübarizəsi aparmaq istəyəcək. Sizcə, onlar bunu bacaracaq?
-
"Qarabağ" bütün klublardan üstün futbol oynayır. Bu, neçə illərin yığılmış işidi. "Neftçi"də elə deyil. Bundan sonra nəyəsə nail olmaq üçün uzunmüddətli bir plan olmalıdı. Ümumiyyətlə, nəyəsə nail olmaq istəyirsənsə, baş məşqçi 4-5 il işləməlidi, öz komandasını qurmalıdı. Küçədən keçən məşqçini demirəm, amma işində parlaqlıq görünən məşqçiyə şans verirsən, dediyim müddətə komandasını qurur. Bu gün "Qarabağ"a qarşı çempionluq mübarizəsi aparmaq çox çətin olacaq. Çünki "Neftçi"nin ehtiyat qüvvəsi yox səviyyəsindədi.  "Neftçi" güclənməlidi. "Qarabağ" bir yana "Zirə", "Sabah", "Qəbələ", "Səbail" kimi komandalar var. Bu heyətlə onlara qarşı da mübarizə aparmaq çətin olacaq. Start heyəti var. Komandanı meydana sonradan çıxıb gücləndirəcək futbolçu yoxdu. Sezon isə uzundu, ehtiyat skamya genişlənməlidi.

Tarix: 12 Avqust 2022 / 14:48
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

5 Oktyabr 2022
4  DekabrOktyabr 2017