"Bir çox çətinliyimiz var, onlardan biri də avtobusumuzun olmamasıdı"

"Komandamız hər oyuna xal qazanmaq üçün çıxır. Xüsusən də ev matçlarında. "Zirə" ilə oyunda da qələbə qazanmaq, ən azından bir xal götürmək istəyirdik. Futbolçularımız mübarizə apardı, ancaq sonda istəyimizə çata bilmədik. Doqquz ildən sonra Premyer Liqaya qayıtmışıq. Əsas məqsədimiz təməli düzgün qurub, gələcəyini komandasını ərsəyə gətirməkdi. Təbii ki, nəticəmizin yaxşı olmasını istəyirik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan-Tovuz"un icraçı direktoru Nadir Nəbiyev deyib.

Premyer Liqanın 8-ci turunda komandasının "Zirə"yə 1:3 hesablı məğlubiyyətini şərh edən Nəbiyev "Turan Tovuz"un bu mövsüm məqsədlərinin olub-olmamasından söhbət açıb: "Turnir cədvəlindəki mövqeyimiz bizi qətiyyən narahat etmir. Dediyim kimi, yeni yığılan komandayıq. Bizim kimi komandalarda yüksəliş də, eniş də olur. Düzdü, bizi qarşıda çətin oyunlar gözləyir. Açığı, bizim üçün asan oyun yoxdu. Komandanın qarşısına hər hansı məqsəd qoyulmayıb".

Klub rəsmisi azarkeşlərin dəstəyindən də danışıb: "Hər ev oyunumuza bilet satışı olur. Şəhid ailələri, qazilər və də uşaqlar üçün bilet pulsuzdu. Sağolsunlar, azarkeşlərimiz bacardıqları qədər komandaya dəstək olurlar. Həm bilet satışını nəzərdə tuturam, həm də oyunlarda sona qədər bizə dəstək olmaqlarını deyirəm. İnanırıq ki, nəticədən asılı olmayaraq, azarkeşlərimiz sona qədər komandaya dəstək olacaq. Çempionatın əvvəlində fanatlarla görüşlərimiz oldu. Onlar hazırkı maddi imkanlarımızı bilirlər. Həm oyunumuz, həm də nəticələrimizlə onları sevindirməyə çalışırıq. Bir çox çətinliyimiz var ki, onlardan biri avtobusumuzun olmamasıdı. Yeni komandayıq, təbii ki, çətinliklərin olması normaldı. İnanıram ki, tədricən bütün çətinlikləri bir komanda kimi geridə qoyacağıq".

Qərb təmsilçisinin icraçı direktoru heyətlə bağlı məsələyə də toxunub. O, komandaya istədikləri legionerlərin cəlb edilməsinin çətinliyini bildirib: "Futbolçu seçimi baş məşqçimizin ixtiyarındadı. Büdcəmizə uyğun heyəti yığırıq, hər futbolçunu gətirmək olmur. Həm maliyyə imkanımız ona imkan vermir, həm də rayon komandası olduğumuza görə vəziyyət belədi. Danışdığımız həm yerli, həm də legioner futbolçular şəhər komandasında oynamaq istədiklərini açıq şəkildə bildirirlər. Heyətdəki dəyişikliyə gəldikdə, buna ancaq Ayxan Abbasov qərar verə bilər".


Mirbağırağa

 

Tarix: 4 Oktyabr 2022 / 12:49
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

3 Dekabr 2022
2  DekabrDekabr 2017