Pedro Enrike: "Yenidən "Qarabağ"da oynamaq möhtəşəm olar" - MÜSAHİBƏ

22:00 - 10 Noyabr 2019

Premyer Liqanın 11-ci turunda "Qarabağ" - "Zirə" görüşünü (1:1) tribunadan izləyən "Kayserispor"un futbolçusu Pedro Enrike oyundan sonra müsahibə verib.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın braziliyalı sabiq futbolçusu Bakıya istirahət üçün gəldiyini deyib:

 

- Həm istirahət üçün gəldim, həm də Bakıda çoxlu dostlarım var. “Qarabağ” mənim karyeramda xüsusi yeri olan klubdur. Mən bu oğlanlarla gözəl mövsüm keçirmişəm.

 

- Azarkeşlər hələ də sənin üçün darıxır. Onlar səni komandada görmək istədiklərini səsləndirirdilər.
- Bəli, elədir, bu, xoş oldu. Mən hələ də fanatlarla danışıram. Bəlkə də, bir gün bura qayıtdım. Klub keçmiş futbolçularına qapılarının açıq olduğunu bilirəm.

 

- Bir gün “Qarabağ”a qayıtmaq istəyərdin?
- Mənim “Kayserispor”la müqaviləm var. Heç nə bilmirəm. Yenidən burda oynamaq möhtəşəm olar. Bu barədə çox danışmaq istəmirəm. Türkiyədə müqaviləm var. Hər şeyi zamanla görəcəyik.

 

- “Qarabağ”ın oyunlarını izləyirsiniz?
- Bəli. Hər zaman bu klubu izləyirəm və əlaqəm var. APOEL-lə oyuna baxdım. Nəticəyə görə üzüldüm. Yaxşı oyun olsa da, belə alındı. Futbolda bəxtsiz anlar olur. Hələ də şanslar qalıb.

 

- “Qarabağ”da oynamaq asandır, yoxsa “Kayserispor”da?
- Türkiyədə çempionat çox güclüdür. Super Liqada asan oyun olmur. “Qarabağ” isə keyfiyyət baxımından digər komandalardan üstündür.

 

- APOEL-ə məğlubiyyətdən sonra “Qarabağ”ın Avropa Liqasındakı şanslarını necə dəyərləndirirsən?
- Mən inanıram və “Qarabağ”ı dəstəkləyirəm. Bunun üçün hələ şanslar var. İnanıram ki, “Qarabağ” bunu bacarar.

 

- “Qarabağ”dan niyə getdin? Klub səni saxlamaq istəmədi, yoxsa burda qalmaq fikrində deyildin?
- Elə situasiya idi ki, mən PAOK-a məxsus idim. İcarə əsasında “Astana”ya keçdim, amma PAOK-da qalmaq istəyirdim. Qazaxıstanda Avropa pasportu ilə bağlı problemlərim yaşanmışdı. "Qarabağ"da qalmaq daha yaxşı olardı. Futbolda olan şeylərdir. PAOK məni "Astana"ya göndərmək istədi.

Xəbər xətti