Futbolumuzda maliyyə problemlərinə görə klubların sayının kəskin azalması həm də ona gətirib çıxarıb ki, neçə-neçə futbol veteranı işsiz qalıb. Bu illərdə çoxusu borca girib, əlavə gəlir yeri olmadığından isə altından çıxa bilmir. Sırf buna görə çoxusu əsəb, stres içindədir. Bizim müxbirlər müsahibə üçün bəzilərinə zəng vuranda dəstəyin o başından bəzən nərd, domino səsi də eşidirlər. Çünki bekarçılıqdan günlərini çayxanalarda keçirirlər.
Amma əlbəttə, onların yeri futbol meydanı olmalıdır. Düzdür, AFFA bəzilərini yüngülvarı maaşla da olsa işlə təmin edib. Amma yetərli deyil. Xüsusən bölgələrdə hələ də neçə-neçə tanınmış futbol adamı işsiz qalıb. Və bu problemi həll etməyin yolu birinci növbədə yeni klubların yaranmasından keçir.
Veteranlar pisi və yaxşısı ilə Azərbaycan futbolunun tarixidirlər.
Bu gün federasiyanın işi onları qarşı-qarşıya gətirmək, aralarına nifaq toxumu səpmək olmamalıdır. Amma belə faktlar var. O dərəcədə ki, bəzi sırtıq şou-biznes manısları kimi bir-birinə qənim kəsilənlərinə də rast gəlirik. Bu onu söyür, o da bunu. Nə dəyişir? Bunun futbola xeyri varmı? Ən pisi də odur ki, bütün bunlar bəzən AFFA-nın təhriki ilə baş verir. Amma federasiya onları bir-birinə qırdırmaqdansa futbolumuzdakı problemləri müzakirə etsin, həll yolunu tapsın. Belə bir müzakirənin son dəfə nə vaxt aparıldığını, ümumiyyətlə, aparıldığını görüb-eşitmisinizmi? Olmayıb. Amma çox ehtiyac var. Ona görə ehtiyac var ki, Azərbaycanın futbol siyasəti bu gün federasiyaya saxta tərif, ya da sırf işsizliyə görə qəzəb üzərində qurulmamalıdır. Əgər futbol veteranlarının iki fərqli təşkilatı qarşı-qarşıya gəlib bir-birinə od püskürürsə, AFFA böyüklük edib bu odu söndürməli, onların dərd-sərini dinləmək iradəsini ortaya qoymalıdır, daha alovu qızışdırmamalıdır.
Amma bunlar yoxdur. Çünki xüsusən axır illər federasiya məşhur “ya yanımda olmalısan, ya da qarşımda” düsturu ilə hərəkət edir. Onlara görə orta xətt olmamalıdır. Bu, istər futbol veteranlarına, istərsə də mediaya münasibətdə əndazəni aşacaq səviyyəyə çatıb. Diqqətlə fikir verin. Futbolumuzdakı real problemləri qabardan insanların və media qurumlarının sayı kəskin azalır. AFFA-nın nəzarətində olan “CBC Sport”da kanalın öz əməkdaşlarının və ekspert qismində dəvət olunan qonaqların real problemi deməsinə daha imkan yaradılmır. Deyiləndə belə, sabah ona federasiya rəhbərliyinin tapşırığı ilə qadağa tətbiq olunur. Bunu şəxsi təcrübəmdən deyirəm.
Sizcə, hansısa alman Bernhard Lippert barədə iki-üç cümləlik tənqidə dözümsüz yanaşanlar bu ölkənin futbolunu düzəldə bilərlərmi? Sualın cavabını açıq buraxıb qayıdaq futbol veteranlarına.
Bu gün aralarında futbolumuza kömək etməyə layiq və qadir olanları var. Amma problem təkcə işsiz qalmaları deyil, onların futboldakı nöqsanlarla bağlı dediklərinin qulaqardına vurulmasıdır. Federasiya tərəfdən süni şəkildə “futbolumuzda hər şey yaxşıdır, inkişaf var” görüntüsü yaradılır. Bu dırnaqarası “inkişaf”ın radiusunu müəyyənləşdirmək üçün isə təkcə Azərbaycan milli komandasının bu seçmə mərhələdəki nəticəsinə baxaq. 6 oyuna cəmi 1 xal. Son dəfə belə aşağı və acınacaqlı göstərici, gərək ki, 24 il əvvəl, 1994/1995-ci il mövsümündə, “Avro-1996” seçmə mərhələsində qeydə alınıb. Millimiz o zaman ilk dəfə rəsmi beynəlxalq turnirə qatılırdı.
Yeri gəlmişkən, onda AFFA-nın prezidenti Fuad Musayev idi. Və kommunist Musayev hər nə qədər diktator olsa da, medianın, veteranların qaldırdığı problemi dinləməyi bacarır, müzakirə təşkil edir, olmayan maddi imkanları ilə həlli yolunda nəsə etməyə çalışırdı. Ona görə də Allah Fuad Musayevə rəhmət eləsin!
İndikilərin isə ömrünü uzun etsin və bir balaca vicdan versin.
Aydın Bağırov / qol.az
saytlarin hazirlanmasi