Henrix Mxitaryan Bakıya gələ bilməməsindən danışdı

11:11 - 19 Noyabr 2019

Müqavilə ilə “Arsenal”a məxsus olan, icarə əsasında “Roma”da çıxış edən erməni futbolçu Henrix Mxitaryan “Four Four Two”ya müsahibəsində Avropa Liqasının finalı üçün Bakıya gəlməməsindən danışıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Azərbaycana gedə bilməməsində UEFA-nı günahlandırıb:

 

“UEFA-nın mənə yeganə köməyi final matçının yerini dəyişmək olardı. Futbolçu və ya komandanın siyasi səbəblərdən yaxşı olmayan yerə getməsi ehtimalı varsa, bunu ora salmaq lazım deyil. Rusiya klubunun Çempionlar Liqasının finalınını Ukraynada keçirməsi çətin olardı. Həyatımın ən vacib anlarını qaçırdım. Bəzi insanlar bunu düşünmədi, müzakirə etmədi. İkinci dəfə komandam final oynamaq şansı qazandı. Ancaq heç birində meydanda olmadım. Bu dəfə final həyəcanı yaşaya bilərdim, təsəvvür edin, həyatında final matçına çıxmamış futbolçuya siyasi problemlər mane olur. Adama pis təsir edir. Demirəm ki, matçın axarını dəyişəcəkdim. Pis olmuşdum, evdə oyuna baxıram, amma heç nə edə bilmirəm. Belə halları digər oyunçuların yaşamasını istəmirəm”.

 

AFFA “Arsenal” – “Çelsi” finalından öncə UEFA-ya təhlükəsizlik təlimatı versə də, futbolçu Bakı Olimpiya Stadionunda keçirilmiş matçda komandasına kömək etməkdən imtina elədi. Mxitaryan bu məsələyə də münasibət bildirib:

 

“Borussiya”da “Qəbələ”, “Arsenal”da isə “Qarabağ”la qarşı eyni qrupda düşmüşdük. Səfər qarşılaşmalarında iştirak etməmişdim. Azərbaycana getməyimlə bağlı razılıq olmamışdı. Lakin Avropa Liqasının finalı üçün razılıq oldu. Burada çox detal var. Çox danışmaq istəmirəm. Onlar yalnız Avropa Liqasının finalı üçün təhlükəsizliyə təminat verirdi. İnsanlar çox şey anlamır. Futbol oynamadığım üçün təəssüfləndim. Bu barədə çox danışmayaq”.

 

Ötən mövsüm Avropa Liqasının finalı Bakıda keçirilib. Həlledici oyunda “Çelsi” “Arsenal”a 4:1 hesabı ilə qalib gəldi.

Xəbər xətti