"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın vingeri Leroy Sanenin klubdan ayrılacağını deyib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis almaniyalı futbolçunun 2021-ci il iyunun 30-da başa çatacaq müqaviləsinin uzadılmayacağını bildirib.
"Leroy müqaviləsini uzatmaq istəmir. Bu da onun komandadan ayrılmaq fikrində olduğunu göstərir. Mövsümün sonunda başqa klubla anlaşsaq, komandadan ayrılacaq. Əks halda, bir il də bizimlə qalacaq və gələn yay komandadan gedəcək.
Klubdan mənə dedilər ki, Sane bir neçə dəfə yeni müqavilə təklifini rədd edib. Heyətimizdə bu klub üçün oynamaq və uğurlar qazanmaq istəyən futbolçulara ehtiyac var. O, yaxşı insandır və Leroyu çox sevirəm. Aramızda problem yoxdur. Sadəcə, özünə yeni yol axtarır", - Qvardiola söyləyib.
"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer etmişdi. 2019-cu il avqustunda İngiltərə Super Kubokunda "Liverpul"la görüşdə dizindən ağır zədə alan futbolçu başqa oyuna çıxmayıb. 24 yaşlı futbolçu ilə Münhen "Bayern"i maraqlanır.
saytlarin hazirlanmasi