"Sabahkı oyun bizim üçün yaxşı təcrübə olacaq. Meydanda bütün gücümüzü ortaya qoyub ən yaxşı nəticəni qazanmağa çalışacağıq".
Sportal.az xəbər verir ki, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.
Norveçli mütəxəssis bildirib ki, komandasının əlavə motivasiyaya ehtiyacı yoxdur. "Güclü komandayıq, yaxşı azarkeş dəstəyimiz var. Nikoasiyadakı matçın ilk 5 dəqiqəsi bizim üçün çox yaxşı keçmişdi. "Qarabağ"ın qrupda 1 və ya 2-ci yeri tutacağını bilirik. "Qarabağ" əla komandadır. Sabah daha çox qapalı oyuna üstünlük verəcəyik. Əlimizdən gələni edib yaxşı nəticə qazanmağa çalışacağıq".
52 yaşlı baş məşqçinin sözlərinə görə, "Omoniya" üçün hər bir oyun vacibdir: "Daha öncə qarşımıza qrup mərhələsinə vəsiqə qazanmağı məqsəd qoymuşduq. Buna da nail olduq. İndiki məqamda ölkə çempionatı bizim üçün daha önəmlidir. Bununla belə, sabahkı matça barmaqarası yanaşmayacağıq. Evdə İsveçrə "Bazel"inə qarşı yaxşı çıxış etmişdik. Düzdür, bu oyun daha çətin olacaq. Amma meydana uduzmaq üçün çıxmayacağıq".
Berq sabahkı matçın start heyətini açıqlamayıb: "İndidən kimlərin oynayacağını deyə bilmərəm. Daim daha yaxşı olmağa çalışırıq. Bu üzdən də öz üzərimizdə işləyirik".
O, heyətdəki zədəli futbolçuların durumuna da toxunub: "Fuad Başiru və Fabianonun oynaması sual altındadır. Amma hər ikisi komanda ilə birlikdə məşq etməyə hazır vəziyyətdə olacaq".
Mütəxəssis sonda Azərbaycan və Kipr futbolunu müqayisə etmək istəmədiyini deyib: "Yalnız "Qarabağ" haqqında onu deyə bilərəm ki, Kipr çempionatında titullar uğrunda mübarizə apara bilər. Rəqibimiz hücum futbolu və sürətli oyun sərgiləyir. Onların oyunu mənə "Omoniya"nın bir neçə il öncə avrokuboklardakı çıxışını xatırladır" (Report).
Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi