Fariz Nəcəfov: "İndiki halda büdcənin artması çox vacibdi" - MÜSAHİBƏ

10:56 - 22 May 2022

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Sportal.az saytına müsahibə verib. O, komandasının bu mövsümkü çıxışını, avrokuboklara vəsiqə qazanmasını dəyərləndirib. Bununla yanaşı Nəcəfov “Qəbələ”nin gələcək planlarından söz açıb.

- “Qəbələ”nin uğursuz çıxış edəcəyini mövsümün əvvəlində ehtimal edənlər az deyildi. Amma komanda mövsümün yekunlarına görə avrokuboklara vəsiqə qazana bildi. Siz özünüz komandanın bu mövsümkü çıxışını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, uğurlu hesab etmək olar. Çünki mövsümün əvvəlində komandanın qarşısına konkret olaraq belə vəzifə qoymamışdıq. Büdcə dayanıqlığı yox idi. Amma çempionatın gedişatında komanda formalaşdı və baxdıq ki, nəticə üçün də oynamaq olar. Başladıq avrokuboklar üçün oynamağa. Sonda da vəsiqəni qazandıq.

- Son turlara yaxın “Sabah” dördüncü pilləyə yüksəlmişdi, “Qəbələ” beşinci pilləyə enmişdi. Avrokuboklar şansınızı itirə biləcəyinizə görə ümidsizliyə qapılmışdınız?
- Heç vaxt ümidsizləşməmişəm. Çünki mən o prinsiplə yaşamıram. Şans varsa, nəticənin necə olacağına baxmayaraq, sona kimi mübarizə aparmaq lazımdı. Klubun fəlsəfəsi belədi. Yəni, şans varsa, maksimum çalışmaq lazımdı. Nəticənin necə olması isə artıq qədərə bağlamaq lazımdı.

- Komanda avrokuboklara vəsiqə qazandığına görə büdcənin artacağını ehtimal etmək olar. Belədi?
- İndiki halda büdcənin artması çox vacibdi. Keçən ilki büdcə ilə biz hətta qış toplanışına getmədik. Yay toplanışına isə əlavə büdcə əldə edərək yollanmışıq. Ona görə bizim üçün büdcəni artırmaq çox vacibdi. Bilirsiz, komanda uğurlu çıxış edirsə, növbəti mövsüm özünün də tələbatı da çoxalır. Konfrans Liqasına gedirik, toplanışları Bakıda yox, xaricdə keçirməliyik. Yeni futbolçuların da gəlişi...Futbolçular deyə bilmirəm. Bəlkə bir futbolçu götürə bildik, bəlkə də yox. Avrokuboklarda uğurlu çıxış etmək üçün hamımız maksimum dərəcədə çalışırıq.

- “Qəbələ” əvvəllər ardıcıl iki il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmişdi. Yəqin ki, o vaxtdakı komanda ilə indikini müqayisə edəndə, “Qəbələ”nin Konfrans Liqasının qrupuna düşməsi daha çətin görünür?
- Çox çətindi. Bu büdcə ilə Konfrans Liqasının qrupuna düşmək müşkül məsələdi. Şansımız çox azdı, amma var. Demək ki, sona qədər mübarizə aparacağıq. Biz əldə olan potensialı maksimum istifadə etmək prinsipi ilə yaşayırıq. Baxırıq, bu gün əlimizdə hansı potensial var, avrokuboklarda maksimum necə yaxşı çıxış edə biləriksə, ona köklənirik. Amma nəticənin necə olacağını indidən deyə bilmərəm.

- Bu mövsüm uğursuzluq yaşasaydınız, “Qəbələ”nin fəaliyyətini dayandırmaq təhlükəsi var idi?
- "Dağılmaq"dan söhbət gedə bilməz. Amma komandanın hazırkindən bir az zəifləməsi gözlənilə bilərdi. Sizə deyim, biz onsuzda hər il qələbə qazanmış kimiyik. 19-20 yaşlı futbolçularımız meydana çıxıb qol vurur və onların qolları ilə qələbə qazanırıq. Birinci divizionun 30-40 faizi “Qəbələ”nin futbolçularıdı. Digər komandalarda bu akademiyanın yetirmələri var. Bütün bunlar bizim qələbəmizdi. Mühüm vəzifələrimizdən biri akademiyada uşaqların yetişdirilməsidi. Biz onun üçün daha çox çalışırıq, nəinki avrokuboklara düşməyə.

- Legionerlər arasında gedənlər olacaq, yoxsa komandada qalacaqlar? 
- Çox güman ki, qalacaqlar. Çalışacağıq ki, komandanın əsas hissəsini qoruyaq. Çünki yeni gələcək legionerlərin uyğunlaşması, filan bunlar uğursuzluq da gətirə bilər. Avrokuboklara vəsiqə qazanmışıq, vaxtımız da yoxdu. Kifayət qədər büdcəmiz də yoxdur ki, hazır, nəyə qadir olduğu bilinən futbolçu alaq. Hazırki büdcə ilə alınan futbolçular isə 50/50-ə olur. Uğursuz da ola bilir.

- Yeni mövsüm komandadan gözləntiləriniz nədir? Ən azından bu ilki nəticəni təkrarlamaq?
- Bayaq dediyim kimi, əldə olunan potensialdan maksimum istifadə etməyə çalışacağıq. Gələn ilin çempionatını görmədən komandanın qarşısına hansısa iddia qoymaq düzgün deyil, məntiqsiz olar. Çempionatın gedişində hər şey yerində olarsa, məqsəd qoyacağıq ki, biz buna layiqik, bunu etməliyik. 

Mirbağırağa

Xəbər xətti