"Qarabağ"ın oyunu alınsa, "Lex"i asanlıqla keçəcək" - MÜSAHİBƏ

20:53 - 27 İyun 2022

“Qarabağ”ın veteran futbolçusu Elmir Xankişiyev Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.

- Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" artıq bir həftə sonra "Lex" oyununa çıxacaq. Sizcə, "Qarabağ"ın püşkatmada bəxti gətirmişdi rəqib sarıdan?
- Məncə, püşkatmada “Qarabağ”ın bəxti gətirmədi. Çünki ən çətin rəqib düşdü. Orada asan keçiləsi rəqiblər də var idi. Lakin "Qarabağ"ın bəxtinə "Lex" düşdü. Komandamıza uğurlar arzu edirəm, onlara inanırıq.

- "Qarabağ"ın "Lex"i keçmək ehtimalını necə dəyərləndirirsiniz? Təmsilçimizin rəqibindən hər hansı üstünlüyü var?
- Keçilməz rəqib yoxdu. “Qarabağ”ın oyunu alınsa, "Lex"i asanlıqla keçəcək. Amma istənilən halda şanslar 50/50-di. “Qarabağ”ın üstünlüyü daha təcrübəli olmasıdı. Düzdü, “Lex” də təcrübəli, tanınmış komandadı. Sadəcə olaraq, “Qarabağ” son illərdə avrokuboklarda daha aktivdi, “Lex” isə kölgəyə çəkilib. Elə “Qarabağ”ın “Lex” qarşısındakı üstünlüyü də avrokuboklarda daha təcrübəli və aktiv olmasıdı.

- Tərəflər arasındakı ilk oyun Poznanda keçiriləcək. "Qarabağ" Polşada hansı nəticəyə imza atacaq sizcə?İlk oyunun səfərdə keçirilməsinin hər hansı üstün və ya mənfi cəhəti var?
- Səfər qolu vacibliyini itirdikdən sonra elə də fərqi yoxdu. Məncə, "Qarabağ" Poznanda uduzmayacaq. Yəni, ən azından uduzmayacaqlar, daha yaxşı nəticə də ola bilər. Hər halda uduzmayacaqlar və Bakıdakı cavab matçına daha yüksək motivasiya ilə hazırlaşacaqlar.

- Patrik Andradenin gedişi "Qarabağ"a nə dərəcədə mənfi təsir edəcək? 
-
Hə, Patrik "Qarabağ"dakı legionerlər arasında ən çox bəyəndiyim idi. Onun gedişi komandanın oyununa mənfi təsir edəcək. Lakin əvəzolunmaz oyunçu yoxdu. Yəqin ki, “Qarabağ”da transferlər olacaq. Patrik çox güclü idi, yaxşı da transfer alınmışdı. Hansı səbəbdən komandanı tərk etdiyini isə bilmirəm. Ancaq onun gedişi "Qarabağ"ın oyununa təsir edəcək.

- "Qarabağ" "Lex"i keçərsə, növbəti rəqib İsveçrə çempionu "Sürix" olacaq. Demək olar ki, təmsilçimizin Çempionlar Liqasının qrupuna gedən yolu çox çətindi?
- Razıyam ki, builki püşk "Qarabağ" üçün çox da düşərli olmadı. "Lex" səddi keçilsə, növbəti rəqib "Sürix” gələcək. Onlar daha təcrübəli və güclü klubdu. Əsas odur ki, ilk növbədə “Lex”i keçsinlər. Ondan sonra “Sürix”lə matçda da yaxşı təsir bağışlayarlar.

Xəbər xətti