"Belə oyundan sonra danışmaq çətindir. Çünki dramatik matç alındı. Oyunun gedişatında çox hadisələr baş verdi ki, komandaya mənfi təsir etdi. "Sumqayıt"ı qələbə münasibəti ilə təbrik edirəm. Vacib matç idi. Bizim günümüz deyildi. Qapımıza o qədər penaltilər təyin edilir, oyunçularımıza o qədər qırmızı vərəqələr verilir ki, bu, məni çox narahat edir. Mən də emosional insanam və hislərim var. Bizim heç bir epizodumuza VAR-da baxmırlar. Bu da maraqlı məqamdır. İkinci hissə oynamağa çalışdıq, qırmızı vərəqə verildi, müdafiə olunmağa çalışdıq, penalti təyin edildi. Fikrim günahı kiminsə üzərinə atmaq deyil. Bizim özümüz də, ən zəif oyunlarımızdan birini keçirdik. Bu hadisələrə görə toparlana bilmədik".
Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 25-ci turunun "Sumqayıt"la (0:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- VAR-la bağlı fikriniz necədir?
- VAR-da böyük problemlər var. Tək bizdə yox, hər yerdə belədir. Qol epizodları olmayan yerdə, penaltilər verirlər. Qapımıza 4-cü penalti təyin edildi. Əgər oyunçu tullanırsa, əli avtomatik yuxarı qalxır da. Şamaxıda qapımıza verilən penaltini də xatırlayın. Təhlükə olmayan epizodlar qolla nəticələnir. Bu da futbola olan marağı azaldır. VAR yaxşıdır, amma belə yox. Nədənsə, bizim epizodlara VAR-da baxılmır. Bu məni narahat edir. Mən də insanam. İkili standart məni narahat edir.
- "Səbail" rəqib qapısı qarşısında 100 faizli bir qol epizodu da yaratmadısa, üç xalı necə əldə edəcəkdi?
- "Sumqayıt" yaratdı? Bu, heç-heçəlik oyun idi. Özümüz də günah var ki, yaxşı oynaya bilmədik. Sadəcə baş verən hadisələr oyunumuza təsir etdi. İkinci yarıda meydana iki hücumçu buraxdıq ki, gücləndirək oyunumuzu. Qırmızı vərəqədən sonra yaratmaq yox, dağıtmaq lazım idi. Üç dəfə əvəzetmə olmuşdu, geriyə yol yox idi. Məsuliyyəti mən daşıyıram. 15 dəqiqə yaxşı futbol oynadıq, sonradan oyunumuz itdi. Qaytarmaq istədik, amma qırmızıdan sonra gec idi. Çalışdıq, bacarmadıq.
- Qustavoya verilən qırmızı vərəqə haqda fikriniz necədir?
- Əgər bir oyunçu kənara doğru gedirsə, top qolkiperə çatırsa...Cinahda olan hadisəyə görə futbolçuya qırmızı verib, komandanın oyununu sındırmaq nə dərəcədə düzgündür? Mübarizəm VAR-ladır. 2-3 penalti var ki, oyuna müdaxiləsi olmayan epizodlardır. Amma qapımıza qolla nəticələndi.
Həyat davam edir. Qarşıda 12 oyun var. Komandanın potensialına bələdəm. Bu pillədən çıxacağıq. Tam arxayınam. Sizinlə 27-ci turda da görüşə bilərik. Dediyim sözün üstündə dururam, komanda son pillədə olmayacaq. Buna özüm qədər əminəm.
Mirbağırağa