"De Byazinin millinin qapısını Yusifə tapşırması fikrini dəstəkləyirəm" - MÜSAHİBƏ

13:15 - 19 Mart 2023

Azərbaycan milli komandasının veteran müdafiəçisi Zaur Həşimov Sportal.az saytına müsahibə verib. O, Canni De Byazinin rəhbərlik etdiyi kollektivin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçə qarşı keçirəcəyi görüşlərdən gözləntilərini bizimlə bölüşüb.

- Azərbaycan millisinin açıqlanan heyəti ilə yəqin ki, tanışsınız. Sizin üçün gözlənilməz ad hansı oldu?

- Milli komandamızın heyətində gözlənilməz ad Filip Ozobiç idi. O, son dövrlərdə ümumiyyətlə rəsmi oyunlarda iştirak etməmişdi. Yaşı da az deyil. Yəqin ki, Canni De Byazi Filip Ozobiçin təcrübəsindən istifadə etmək fikrindədir. Bundan başqa 1-2 ad var ki, onlar gələcəyə hesablanmış futbolçulardır. Ümumən götürsək, bu gün üçünü normal heyətdir.

- Kənarda qalan kimsə var?

- Amin Seydiyevi qeyd edə bilərəm. Belə oyunlarda Amin kimi döyüşkən oyunçulara ehtiyac olacaq. Bu  siyahıya “Turan Tovuz”dan Şəhriyar Əliyev, “Kəpəz”dən Fərid Nəbiyev, “Şamaxı”dan Rəhman Daşdəmirovu da əlavə etmək olardı. “Zirə”dən Eldar Quliyevin də milliyə dəvət edilməsini olunmasını istəyərdim. O, gələcəyə ümid verən futbolçudur.

- Canni De Byazinin dediyinə görə, Azərbaycan millisinin Avstriya və İsveçlə görüşlərində qapını Yusif İmanova tapşıracaq. Millidə bir rəsmi oyun keçirmədən, birdən-birə bu cür rəqiblərə önünə çıxması İmanov üçün çətin olmayacaqki?

- Əlbəttə, Yusif əvvəl millinin yoldaşlıq oyunlarında debüt etsəydi, daha yaxşı olardı. Ancaq yenə də mən Canni De Byazinin millinin qapısını Yusif İmanova tapşırması fikrini dəstəkləyirəm. Əsas olan odur ki, matçın ilk dəqiqələrində həyəcanına üstün gəlməlidir. Onun uğurlu çıxış edəcəyinə inamım böyükdür.

- Avstriya və İsveçlə görüşlərdə millimizin hansı nəticəni göstərə biləcəyini ehtimal edirsiniz?

- Reallıq budur ki, hər iki milli bizdən bütün komponentlərdə güclüdür. Bu səfərlərdən məğlub olmadan qayıtsaq, çox böyük uğur sayılacaq.

- Milli komandamız beş oyundur ki, qələbə qazanır. Bunu təsadüf və rəqiblərin zəif olması ilə əlaqələndirənlər də var. Demək olar ki, Avstriya və İsveçə qarşı görüşlər əsl gücümüzü ortaya çıxaracaq?

- Bu fikirlə qismən razıyam. Milli komandamızın tam gücünü indiki qrup mərhələsində görəcəyik. Ancaq millimizin beş oyunluq qələbə seriyasına kölgə salmaq olmaz. Çünki milli bu oyunların hamısında qələbəyə layiq idi. Yığma komandamıza uğurlar arzu edirəm. Ümidvaram ki, uğurlu nəticələr qazanacaqlar.

Mirbağırağa

Xəbər xətti