PFL rəsmisi I Divizionun yayımlanması barədə: "CBC Sport"la danışıqlar gedir"

19:44 - 22 İyun 2023

Artıq Azərbaycanda yeni mövsümün başlamasına az qalıb. Premyer Liqa oyunları "CBC Sport" kanalı vasitəsilə futbolsevərlərə canlı olaraq nümayiş etdiriləcək. Bəs I Divizion qarşılaşmalarını necə izləmək mümkün olacaq?

Mövzu ilə bağlı Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasovla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən qurum rəsmisi I Divizion oyunlarının PFL-in televiziyası ilə canlı yayımlanacağını bildirdi:

"Bildiyiniz kimi liqaların sayı artıb. Premyer Liqa, əvəzedici heyətlərin çempionatı, I Liqa, II Liqa və Azərbaycan Kuboku. Premyer Liqanın yayım hüququ "CBC Sport" kanalına verilib. Digər liqaların internet üzərindən eksklüziv yayım hüququ AFFA İcraiyyə Komitəsinin qərarı ilə PFL-ə məxsusdur. Artıq xeyli vaxtdır ki, PFL TV fəaliyyət göstərir. Çalışırıq ki, PFL-in bayrağı altında keçirilən bütün oyunların canlı yayımını təşkil edək. Bu, gələn il də belə olacaq, yayımlar adəti üzrə, daha da təkmilləşdirilmiş formada davam edəcək. 

Eyni zamanda televiziya yayımı da ola bilər. Hazırda "CBC Sport" kanalı ilə çox yaxşı əlaqələrimiz var. Müəyyən məsələləri müzakirə edirik. Canlı yayımın televiziya vasitəsilə təşkil olunması üçün stadionların infrastrukturu və digər məsələlər də yararlı olmalıdır. "CBC Sport" Premyer Liqanın yayım hüququna malik olmasına baxmayaraq, vaxtilə I Divizion oyunlarını da işıqlandırıb. Son dövrlərdə "Kəpəz" və "Turan Tovuz" arasında keçirilən qərb derbisini misal göstərə bilərəm. Gələn mövsüm üçün də bu istisna deyil. Amma təbii ki, bu, danışıqlardan, stadionun infrastrukdurundan asılı olan məsələdir".

Elçin Əlixan

Xəbər xətti