Bolqarıstanda keçirilən minifutbol üzrə Avropa kubokunda ölkəmizi təmsil “Zəngəzur” yetərincə inamlı çıxışı ilə yadda qaldı. 2022/2023 mövsümündə ölkə çempionatında bürünc mükafatı qazanan təmsilçimiz Bolqarıstandakı turnirdə dördüncü oldu. Komandanın baş məşqçisi Əjdər Əjdərov Sportal.az saytına müsahibə verib. Onun sözlərinə görə, komandası daha yaxşı nəticə qazana bilərmiş.
- Üçüncülük uğrunda oyunda "Nova Vita" klubuna uduzdunuz. Yəqin ki, vətənə ən azından medalla qayıtmaq istəyirdiniz. Səncə, üçüncülük matçında qalib gəlmək üçün nə çatmadı?
- Üçüncülük uğrunda oyunda demək olar ki, komandanın gücü bitmişdi. Həm də, yarımfinalda uduzduq deyə, uşaqlar həvəsdən düşdülər, gücümüz də tükəndi. Təşkilatçılar elə etmişdilər ki, bir gündə iki gün oynayırdıq. Düzdü, bunu bilirdik. Sadəcə demişdilər ki, istirahət də olacaq. Komandamız çox yaxşı oynadı, onlardan yerlə-göy qədər razıyam. Hamısı çox pis olmuşdu. Amma onlara dedim ki, başınızı dik tutun. Yəqin bilirsiz, çempionatın ən yaxşı komandası adına layiq görüldük. Bizi yarımfinalda udan komanda çempion oldu. Çempionatın təşkilatçısı, çempion komanda, digər rəqiblər də dedi ki, turnirin ən layiqli çempionu siz idiniz. Sadəcə bəxtsizlik, təcrübəsizlik oldu, gücümüz çatmadı. Bəlkə də, daha 1-2 oyunçumuz olsaydı, çempionluğu qazanardıq. Qismət. Buradakı futbol tamam başqadır. Yaxşıdır ki, gəldik, gördük.
- Ümumiyyətlə, “Zəngəzur”un çıxışından baş məşqçi kimi razı qaldınız? Daha yaxşı nəticə qazana bilərdiz? Bunun üçün nə mane oldu?
- Dediyim kimi, bütün oyunlarda əlimizdən gələni edirdik. Ən yaxşısı üçün çalışırdıq. Təmsil etdiyimiz komandanın adını, ölkəmizin adının məsuliyyətini yaxşı dərk edirdik. İstədik ki, uğurla geri döbək.
- Ümumiyyətlə, turnirin səviyyəsi, təşkilatçılıq haqda hansı fikirdəsən?
- Təşkilatçılıq, turnirin səviyyəsi həddən artıq yaxşı idi. Çempionlar Liqası qədər maraqlı turnir oldu. Çox güclü komandalarla oynadıq. Rumıniya klublarının burada çempionluğu ənənə halını alıb. Çünki onların ölkəsində minifutbol əsas idman növlərindən birinə çevrilib. Liqalarında 18-20 komanda var, maddi durumları yaxşıdır. Sırf bu futbolla məşğul olurlar. Çempionluğu qeyd edən komanda Rumıniyanın əsas heyətidir. Baş məşqçiləri, oyunçuları əsas millinin heyətini təşkil edir. Maddi durumları da yaxşıdır. Turnirin təşkilatçısı da turnirin sürpriz və ən yaxşı komandası adına bizi layiq gördü. Bu da Azərbaycan və daşıdığımız Zəngəzur adı üçün böyük önəm kəsb edirdi.
- Maraqlıdır ki, yarımfinalda dörd klubun üçü Rumıniyadan idi....
- Yarımfinaldakı üç Rumıniya klubu arasında biz də var idik. Həqiqətən fəxr olunası məqamlardır. Bolqarıstanlı azarkeşlər də bizə dəstək olurdu, hamısı bizim oyunumuza baxmağa gəlirdi, bu da bizə böyük motivasiya verirdi. Halbuki, öz komandaları var idi, amma onlar bizim udmağımızı istəyirdilər.
- Turnirdə dördüncü yeri tutmağınız sizi həvəsdən saldı, yoxsa təcrübə qazandınız deyə, növbəti illərdə daha güclü heyətlə, daha yaxşı nəticə qazana biləcəyinizi düşünürsən?
- Əlbəttə ki, dördüncü yer məni, futbolçularımızı, rəhbərliyimizi həvəsdən salır. Amma əlimizdən gələni edəcəyik ki, komandamız qalsın, nəticə verək, daha yaxşı olaq. Uşaqlara demişdim ki, geyindiyiniz formanın məsuliyyətini dərk edək, Bolqarıstana nə üçün yollandığımızı anlayaq. Azərbaycan bayrağı üçün oynayırdıq. Yeri gəlmişkən, federasiya rəhbərliyinə minnətdarlığımızı bildiririk. Bizim yanımızda oldular, tək qoymadılar. Federasiya rəsmiləri Bolqarıstanda bizimlə oldu. Onlara da minnətdarlığımı bildirirəm. Taleh Nəsibov, Elşad Quliyev oyunlardan sonra zəng edirdi, həm videogörüntü ilə danışırdılar bizimlə. Bu da bizim üçün yüksək motivasiya olurdu. Özümüzü tək hiss etməyə imkan vermədilər. Buna görə hamıya təşəkkür edirəm.
Mirbağırağa
saytlarin hazirlanmasi