Xırdalanda “Qızıl əlcək” idman klubunun filialı istifadəyə verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının idarə heyətinin üzvü Rövşən Hüseynov filialın açılışını edib. Rəmzi məna daşıyan “qırmızı lent” kəsildikdən sonra Dövlət himni səsləndirilib və bundan sonra filial rəsmən fəaliyyətə başlayıb. Fərqlənən idmançılara mükafatlar təqdim edilib. Hazırda klubun artıq 80 üzvü var. Onlardan 6-sı qarşıdan gələn ölkə birinciliyində iştirak edəcək.
"Qızıl əlcək" idman klubunun boks bölməsinin baş məşqçisi Rəhim Allahverdiyev burada gələcəyin çempionlarının yetişəcəyinə inandığını bildirib: “Ümid edirəm ki, gələcəkdə burada ölkəmizin bayrağını ucalara qaldıran idmançılar yetişəcək. Onlar Avropa, dünya və Olimpiya çempionatlarında iştirak edəcəklər. Məqsədimiz həm də gəncləri pis vərdişlərdən uzaq tutmaq üçün idmana cəlb etməkdir. Həmçinin ölkəsinə layiq idmançılar yetişdirmək istəyirik”.
Azərbaycan Boks Federasiyasının idarə heyətinin üzvü, Avropa çempionu Rövşən Hüseynov Xırdalanda boksun inkişafı üçün yaxşı potensial olduğunu deyib: “Prezident İlham Əliyev idmana böyük diqqət ayırır. Bölgələrdə zalların açılmasına sevinirik. Xırdalanda da idman üçün yaxşı potensial var. Sevinirik ki, “Qızıl əlcək” klubu burada açılıb və idmana dəstək olacaq”.
Zalda uşaqların inkişafı üçün hər cür şərait yaradıldığını deyən Xırdalan filialının məşqçisi Orxan Mehdiyev yaxşı çalışdırıcıya aid xüsusiyyətlərdən danışıb: “Yaxşı məşqçi uşağa həm psixoloji, həm də texniki dəstək göstərir. Bizi qarşıda ölkə birinciliyi gözləyir. Orada yaxşı çıxış edib milli komandaya düşmək istəyirik".
Qeyd edək ki, “Qızıl əlcək” klubunun Bakı və Sumqayıt filialları da var.
saytlarin hazirlanmasi